Azərbaycanda dolların məzənnəsi tələbin artması fonunda aşağı düşüb

Nemət Əliyev: ''Bu absurddur''

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatına əsasən, fond MƏrkəzi Bankın valyuta auksionlarında 2018-ci ilin fevral ayı ərzində 364,1 milyon ABŞ dolları məbləğində vəsait satıb.

İqtisadçı Vüqar Bayramov deyir ki, fevralda dollara tələbin yüksəlməsi qeydə alınıb:

“Bu, 2018-ci ilin yanvarı və 2017-ci ilin fevral satışları ilə müqayisədə çoxdur. Dövlət Neft Fondu 2018-ci ilin yanvar ayı ərzində valyuta hərraclarında 299,1 milyon ABŞ dolları, 2017-ci ilin fevral ayında 258,4 milyon dollar satmışdı”.

Tələbin artması nə ilə bağlıdır?

“Fevralda dollara tələb əvvəlki ay ilə müqayisədə 21 faiz yüksəlib. 2017-ci ilin yanvarında fond valyuta hərraclarında 285 milyon dollar, fevralda isə 258,4 milyon dollar satıb. Dollara tələbin artması idxalın və eləcə də büdcə xərcləmələrinin artması ilə bağlıdır. Monitorinqlər göstərir ki, yığımlarda da artım qeydə alınır. Mərkəzi Bankın statistikası göstərir ki, bu ilin yanvarında dollar satışı əvvəlki ilin uyğun ayı ilə müqayisədə də çox olub. Dövlət Gömrük Komitəsinin isə məlumatına görə, bu ilin yanvar ayında idxalımız 688 milyon 625 min dollar olub. 2017-ci ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında idxal 51 faiz artıb”.

Martda dollara tələb daha da artacaq

İqtisadçı bildirir ki, ötən ilin yanvarında idxal 450 milyon 36 min dollar idi. İdxalın həcminin artması dollara tələbi artıran əsas faktordur.

Vüqar Bayramov
Vüqar Bayramov

O qeyd edib ki, hərraclarda satılan dolların təxminən 90 faizi məhz idxal əməliyyatları üçün sifariş edilir. Bu isə o deməkdir ki, idxal birbaşa dollara olan tələbi müəyyənləşdirir. İstehlak ilə yanaşı, büdcə xərcləmələrinin artması da dollara olan tələbi artıran əsas səbəblərdən hesab edilir.

“Dollara tələbin mart ayında da yüksək olacağı gözlənilir. Bu həm mart ayında qeyri-iş günlərinin sayının çox olması səbəbindən xarici səfərlərə marağın yüksəlməsi, həm də bayramlar ilə bağlı olaraq idxalın artması ilə əlaqədardır. Dollara tələbin yüksəlməsinə baxmayaraq milli valyutanın məzənnəsində dəyişiklik baş verməyib. Güman olunur ki, növbəti aylarda da məzənnə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
“Dolların məzənnəsinin aşağı düşməsi absurddur”

İqtisadçı Nemət Əliyev də deyir ki, hərraclarda satılan dolların həcmi üzrə müqayisələr onu göstərir ki, fevralda yanvar ayı ilə müqayisədə dollara təlabat 22 faizə yaxın artıb:

Nemət Əliyev
Nemət Əliyev

“Belə bir şəraitdə dolların məzənnəsinin aşağı düşməsi absurddur. Əgər dolların düşməsi faktı qeydə alınıbsa, bu onu göstərir ki, Mərkəzi Bank məzənnəni süni şəkildə tənzimləyir və hazırkı məzənnə dolların real məzənnəsi deyil”.

Ötən il Azərbaycan dünyanın 187 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir ki (https://www.stat.gov.az/news/index.php?id=3754 ), Azərbaycandan 116 ölkəyə məhsul ixrac olunub. 179 ölkədən isə Azərbaycana idxal həyata keçirilib.

DSK 6693,6 milyon dollarlıq müsbət ticarət saldosu yarandığını bildirir.

Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında manatın dollara qarşı olan məzənnəsi 2017-ci ilin dekabr ayından 1 dollar-1,7001 manat səviyyəsində idi. Martın 6-da keçirilən hərracda bu kurs uzun müddətdən sonar ilk dəfə olaraq dəyişərək 1 dollar – 1,7000 manat səviyyəsində qərarlaşıb.

x

YAZARIN DİGƏR YAZILARI