Zibillikdən çörək pulu çıxaran ailə

Hər səhər 8-dən gecə 12-dək yol yerimək, zibillikləri eşmək, maşın yollarına çıxıb həyatını təhlükəyə atmaq. Elməddin Əhmədov iki ildir ki canını bu yollarda qoyub.

“Mən zibil, kapron, butulkaları yığıram. Həmişə. İki ildir bu işlə məşğulam”.

O, zibil maşınları ilə sanki yarış içindədir. Ondan tez gəlib yeşikləri boşaltsalar, həmin günü qazancsız başa vurar.

“Kartonun kilosu 5 qəpikdir. Mən nə qədər yığmalıyam ki, bir 10 manat düzəldim? Bu yaşamaqdır ki, bəyəm? İstəyərik biz də insan kimi yaşayaq”-Elməddin Əhmədov deyir. Başqa iş axtarıbmı? Axtarıb.

“Daha Xırdalanda, Azərbaycanda o yer qalmayıb ki, iş üçün getməyim. Deyirlər, gərək adamın ola. Mənə elə gəlir ki, dövlət sərəncamı ilə tikilən yerlərdir. Məsələn, gübrə zavoduna getmişəm, deyir, pul gətir düzəldim səni işə. Pulum vardısa, özüm dolanardım da, sənə niyə verirəm daha?”-Elməddin Əhmədov söyləyir.

Hər gün bu cür çətin iş rejiminə qatlanmağının bir səbəbi var - evdə onu gözləyən ailəsi, iki xəstə uşağı.

“Vallah, o uşaqların üzünə baxa bilmirəm. Gedib boynunu büküb deyir, ata filan yerim ağrayır. Daha atası ondan qabaq ölür ki. Hara gedirsən pul istəyirlər, mənim də imkanım olmur ki, onu aparıb başını aparata saldıram”- Elməddin Əhmədov deyir.

Valideynlər deyir ki, xəstəxanalarda onlardan müayinə üçün istənilən məbləği verə bilmədiklərindən, uşaqlarının nə dərdi olduğundan da xəbərsizdirlər. Bircə onu bilirlər ki, körpələri əziyyət çəkir.

“Bütün gün ağlayır ki, ay ana, qıçım ağrayır. Deyir, başım ağrayır. Başına belə-belə döyür. (Əlini başına vuraraq göstərir) Özündən getməsi olur. Yanvar ayından bu yana 4 dəfə keçinib, amma aparata apara bilməmişəm”-həyat yoldaşı Fəxriyyə Əliyeva danışır.

Ailə onlardan Respublika Klinik və Xırdalan xəstəxanalarında rüşvət alındığını deyir. Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova isə bildirir ki, vətəndaşlar belə bir halla qarşılaşdıqda nazirliyin “qaynar xətti”nə məlumat versələr, məsələ araşdırılar.

Əhmədovlar ailəsinin kirayə qaldıqları ev rütubətli və şəraitsiz olsa da, gücləri ancaq bu evə aylıq 50 manat ödəməyə çatır. Evin divarlarında futbol oyunu təsvir edilib. Bu divarlar arasında yaşayan uşaqlar isə topun nə olduğunu bilmir.

“Bir ana olaraq vəzifəmi yerinə yetirə bilmirəm, çox pis oluram. Onlarla bərabər ağlayıram. Keçən çərşənbə oturub nə qədər ağladım ki, uşaqlar “acından ölürəm” deyir, amma mən mətbəxdən bir şey tapıb onlara yedizdirə bilmirəm. Deyir, ay ata, kartof pisdir, nolar mənə ət al. Amma mənim heç yadıma gəlmir ki, bizdə nə vaxt mal əti alınıb”-Fəxriyyə Əliyeva deyir.

Ailə sosial yardım üçün ƏƏSMN-ə müraciət edib, “yox” cavabı alıb. Nazirliyin əməkdaşı Elman Babayev deyir ki, şikayətçilər Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata düşmədiyindən “yox” cavabı alıblar. Həm də, onun sözlərinə görə, Elməddin Əhmədov ərizəsində yanlış məlumat verərək sahibkarlıqla məşğul olduğunu deyib. Şikayətçi Elməddin Əhmədov isə yazdığı müraciətdə belə bir ifadə işlətmədiyini deyir.

“Mənim uşaqlarım bayram iyi hiss eləmir. Yoldaşım yollarda kapron yığır. Bu gün çərşənbədir, kaş o da gələ uşaqlarının yanında otura, amma o çərşənbə günü də yollardadır”-Fəxriyyə Əliyeva deyir.

x

YAZARIN DİGƏR YAZILARI