İqtisadçı: Hökumət əvvəlki devalvasiyalardan dərs götürməlidir

''İndi daha çox iqtisadiyyatı şaxələndirmək lazımdır''

Azərbaycanın qonşuları Rusiya, İran və Türkiyədə yerli valyutalar dollar və avro qarşılığından sürətlə dəyərdən düşür.

Avqustun 9-u axşamdan Rusiyada ABŞ dollarının məzənnəsi 2016-cı ilin avqustun 3-dən bəri il dəfə 67 rublu keçib. Avropanın vahid valyutasının məzənnəsi 0,2 rubl və yaxud 0,26 faiz azalaraq 76,74 rubla düşüb.

Avqustun 10-da Türkiyədə 1 dollar 6,48 lirə həddinə çatıb. İran milli valyutasının vəziyyəti daha acınacaqlıdır.

Mövcud vəziyyətin Azərbaycan manatına təsiri barədə Meydan TV iqtisadçılara suallar ünvanlayıb.

İqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə milli valyuta ucuzlaşırsa, həmin ölkələrdən idxal olunan məhsulların da dəyəri ucuzlaşmalıdır və sahibkarlarımız daha çox mal gətirə bilərlər:

“Əslində, bu gedişatın Azərbaycana müsbət təsiri olmalıdır. Amma Mərkəzi Bank düzgün maarifləndirmə aparmasa, hökumət iqtisadi siyasət yürütməsə, manata psixoloji təsirləri olacaq. Yəni ajiotaj fonunda vətəndaşlar düşünər ki, əgər qonşu ölkələrdə yerli valyuta bahalaşırsa, deməli, Azərbaycanda da bahalaşacaq, nəticədə tez zamanda əllərindəki manatı valyutaya çevirırlər. Bu zaman tələb artar və manat zəifləyər. Problem Azərbaycan manatının neftin həcminə və qiymətinə bağlı olmasıdır, çünki valyuta gətirən sahənin 95 faizi neft sektorudur”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Nazim Bəydəmirli 2015-ci ilin devalvasiya qərarlarını xatırlayaraq hökumətin dərs götürməsinin vacibliyini vurğulayıb:

“İndi daha çox iqtisadiyyatı şaxələndirmək lazımdır, ölkənin tələbatı olan mal-məhsulu daxildə istehsal etmək vacibdir. Əgər inhisarlaşma və məmur sahibkarlığı olmasa, bunlar mümkündür. Ona görə deklarativ yox, sahibkarlığa real dəstək verilməlidir ki, ölkə özünü bu tipli problemlərdən sığortalaya bilsin. Ümumilikdə isə qonşu ölkələrdəki maliyyə vəziyyəti geosiyasətin fəsadlarıdır. ABŞ kimi iqtisadiyyatı böyük dövlətlə qonşu ölkələr Vaşinqtonla münasibətlərini normal səviyyədə qurmalı və əsassız iddialardan əl çəkib dövlətlərini düşünməlidirlər”.

YAP-ın sabiq deputatı Əli Əlirzayev deyir ki, baş verənlərin Türkiyə-Azərbaycan əlaqələrinə elə bir təsiri olmayacaq, amma ticarətin dollar-avro hesabında olduğunu nəzərə almalıyıq: “Azərbaycanda tənzimlənən bazar iqtisadiyyatı inkişaf edir, gedişat nəzarətdədir, ona görə də bazarda dollar amili tələb-təklifdən asılıdır. Biz neftin qiymətinin və qaz ixracatının qalxmasını da unutmayaq. Bunlar dolların ölkəyə gəlməsinə səbəb olur və nəticədə dollar təklifi artır”.

Əli Əlirzayev
Əli Əlirzayev Fotoqraf: Picasa

Əli Əlirzayev deyir ki, Mərkəzi Bank, hökumət valyuta ehtiyatlarını və bazarını tənzimləsə, milli iqtisadiyyata ciddi mənfi təsir etməz. Ola bilər, gələcəkdə nəsə olacaq, amma hazırda heç nə yoxdur.

x

YAZARIN DİGƏR YAZILARI