İslamiada qaliblərinin əvvəlki nəticələri - cavab veririk #32

Bu yarışlarda qızıl medal alan idmançılar beynəlxalq yarışlarda hansı medalları qazanıblar?

 

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 46 gümüş və 33 bürünc medal qazanaraq iştirakçı ölkələr arasında liderliyə yüksəlib. 19-22 may tarixlərində Bakıda baş tutan yarışlarda ümumilikdə 60-dan çox idmançı - onların aralarında komandalar da var - 75 qızıl medal qazanıb.

 

Həmişə olduğu kimi bu dəfə də qalib idmançılar və onların şəxsi məşqçilərinə pul mükafatları veriləcək. Bütün bunlara isə dövlət büdcəsindən 25 milyon 650 min manat ayrılıb. Bəs bu yarışlarda qızıl medal alan idmançılar digər olimpiada və beynəlxalq yarışlarda hansı medalları qazanıblar? İdmançıların əvvəlki yarışlarda nəticələri nə olub?

 

 

İslam Həmrəyliyi Oyunlarında ən çox medal qazanan idmançılardan biri Ruslan Lunyovdur. Ruslan Lunyov İslamiadada 25 metr məsafədən tapança ilə mərkəzə atış yarışı, kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışı, 25 metr məsafəyə standart tapançadan atəş açma yarışı, 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışlarında qalib olub. Bunlarla yanaşı 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında Nigar Nəsirova - Ruslan Lunyov dueti qızıl medal qazanıb. Bununla da ümumilikdə Ruslan Lunyov 5 qızıl medal sahibi olub. Bundan əvvəl o, keçən ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan Yay Olimpiya Oyunlarında iştirak edib. İdmançı kişilərin 25 metr masafəyə atəş açması yarışında 26 iştirakçı arasında 15-ci yer tutub. Həmin yarışın qalibi Almaniya təmsilçisi olub.

 

Eyni idman növünün 10 metr məsafəyə atəş açmada da Azərbaycan təmsilçisi 15-ci yeri tutub.

 

Rio Yay Olimpiya Oyunlarından öncəki London Yay Olimpiya Oyunları üçün isə Ruslan Lunyov, ümumiyyətlə, lisenziya qazana bilməyib. Belə ki, Koreyanın Çanqvon şəhərində 2011-ci ilin aprelində baş tutan güllə atıcılığı üzrə Dünya Kubokunda Ruslan Lunyov 10 metr məsafədən hədəfi nişan almada 20-ci, 25 metr məsafəyə atəş açma yarışında 24-cü, 50 metr məsafəyə atəş açmada isə 66 idmançı arasında 63-cü olub.

 

Ruslan Lunyov İslamiadadan öncə ilk nailiyyəti bu ilin martında Delhidə keçirilən Dünya Kubokunda bürünc medal qazanması olub.

 

IV İslam Həmrəyliyi Oyunlarından sonra Almaniyada keçirilən Dünya Kubokunda iştirak etmək üçün Münhenə yollanıb vıə orada 11-ci yeri tutub. 54 iştirakçı arasında 11-ci yeri tutan idmançının göstərdiyi nəticəni idman və gənclər naziri Azad Rəhimov yüksək qiymətləndirib.

 

 

Bir neçə qızıl medal qazanan daha bir Azərbaycan təmsilçisi isə Maksim Şemberevdir. Üzgüçülük növündə yarışan idmançı kişilərin 1500 metr məsafəyə sərbəst üzmədə, 800 metr məsafəyə sərbəst üzmədə, 400 metr məsafəyə fərdi kompleks yarışlarında qızıl medalın sahibi olub.

 

Ötən ilin mart ayında Şemberev Berlində keçirilmiş “Swim Meeting” beynəlxalq turnirində 1500 metr məsafəyə sərbəst üslubda qızıl, 400 metr məsafəyə kompleks üzmədə isə gümüş mükafat alıb və bununla da Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Lakin idmançı Olimpiadada nə 1500 metr məsafəyə sərbəst üslübda üzmə, nə də 400 metr məsafəyə kompleks üzmədə uğur qazana bilib.

 

 

FIVB reytinq siyahısının qadın voleybol yığmaları üzrə cədvəlində 24-cü yeri tutan Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Voleybolçu qızlar bundan öncə final mərhələsi Azərbaycanda baş tutmuş Avropa Liqasında qələbə qazanıb və bu nəticələrə əsasən dünya qran-prisinə lisenziya alıblar.

 

Maraqlıdır ki, 9 illik fasilədən sonra dünya qran-prisinə vəsiqə qazanmağa nail olan yığma komanda orada iştirakdan imtina edib. Azərbaycan Voleybol Federasiyasının yaydığı məlumatda bu qərar belə izah olunub: “Voleybol yığmamız yarışda təqvim sıxlığına görə mübarizə aparmayacaq. Gələn il paytaxtımız dünya çempionatının seçmə mərhələsinə, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatına ev sahibliyi edəcəyindən bu addım atılıb”.

 

Bu yarışdan öncə isə milli voleybol komandası Rusiyada keçirilən “Yeltsin kuboku”nda iştirak etməkdən imtina edib. Bu imtinanın səbəbi isə açıqlanmayıb.

Voleybol yığmamız 2014-cü ildə İtaliyada baş tutan Dünya Çempionatından imtina etməsə də, oradakı yarışlarda cəmi 15-ci pilləni tuta bilib və bununla da ümumi hesabına cəmi 2 xal yazdıra bilib.

 

Hazırda Bolqarıstanda təlim-məşq toplantısında olan voleybol millimiz ilk yoxlama matçın keçirib və 0:3 hesabı ilə Bolqarıstan yığmasına məğlub olub.

 

 

İslam Həmrəyliyi Oyunlarının növbəti qalibi qadınlardan ibarət həndboll milli komandasıdır. Həndbol yığmamız İslamiadadan qısa müddət öncə, 2017-ci il martın 2-də Rusiyanı Stavropol şəhərində baş tutan təlim-məşq oyunlarında qüvvəsini sınasa da, məğlub olub. Belə ki, "Stavropolye-SKFU" klubu ilə 2 görüş keçirən yığma hər iki görüşdə uduzub.

 

2016-cı ildə keçirilən Avropa çempionatında isə həndbolçu qadınlar elə seçmə mərhələsində mübarizəni dayandırmalı olublar. Bundan öncə 2013-cü il Həndbol üzrə Dünya Çempionatının seçmə mərhələsi və 2012-ci il Avropa çempionatının seçmə mərhələsində yığma komanda uğur qazana bilməyib.

 

İslam Həmrəyliyi Oyunlarından öncə Rio Yay Olimpiya oyunlarında iştirak edən idmançılardan 18 qalibdən cəmi 4-ü vətəndə qızıl medal qazana bilib. Belə ki, Rioda yalnız Radik İsayev (taekvando) qızıl medal qazanıb, digər 17 nəfər isə gümüş və bürünc medal udub. Digər takevandoçu Patimat Abakarova Rioda bürünc, İslamiadada isə qızıl medal qazanıb. Riodan daha yaxşı nəticə göstərən digər iki idmançı isə sərbəst güləş növündə yarışan Hacı Əliyev və taekvandoçu Milad Beigi olub. Hər ikisi bürünc medalçı olan Hacı Əliyev və Milad Beigi İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıblar.