Vəkil: Əfqan Muxtarlını Gürcüstanın kriminal polisi oğurlayıb

Gürcüstan kriminal polisi

''Həmin ərazidən qeyri-qanuni keçmək imkanı yoxdur, tamamilə müşahidə altındadır''

Həbsdə olan jurnalist Əfqan Muxtarlının vəkili Elçin Sadıqov müvəkkilinin Tbilisidə necə həbs olmasını araşdırıb. Məlumatı Elçin Sadıqov verib. O, 10-11 iyun tarixlərində Gürcüstanda olub. Əfqan Muxtarlının işi üzrə araşdırma aparıb:

''Onun oğurlandığı küçələrlə hərəkət etdim. Şəhərin, küçələrin və yolların təhlükəsizlik, rentgen, üz tanıyan və müşahidə kameralarının yerlərini müəyyən etdik. Onların şəkillərini çəkdik. Baxışımızı ''Lagodekhi'' Sərhəd Keçid Məntəqəsinə qədər davam etdirdik. Bizləri jurnalistlər də müşahidə edirdi. Gürcüstan tərəfin sərhədçiləri ilə söhbət etdik və onlar bildirdi ki, həmin ərazidən qeyri-qanuni keçmək imkanı yoxdur, ərazi tamamilə müşahidə altındadır və bu, fiziki baxımdan da mümkün deyil''.

Vəkil deyir ki, iyunun 11-də təsadüfən Gürcüstan Respublikasının kriminal polisləri ilə rastlaşıb: ''Yolda avtomobil arxadan kriminal polisin maşınını vurdu. Avtomobildən düşənlərin belində tapança olması diqqətimi çəkdi və ətrafdakılardan onların kim olduğunu soruşdum. Bildirdilər ki, kriminal polisdir. Avtomobil isə kriminal polis qurumunun avtomobilidir, dövlət nömrəsidir. Şəkillərini çəkməyə icazə olub-olmadığını soruşdum. Ətrafdakılar bildirdilər ki, Gürcüstan demokratik ölkədir, çəkə bilərsiniz. Mən də şəkillərini çəkdim. Bu gün şəkilləri Əfqan Muxtarlıya təqdim etdim. O bildirdi ki, onu yolda saxlayanlar da bu geyimdə olub. Onu oğurlayan avtomobilin də çox güman ki, modeli belə idi, avtomobil kriminal polisin avtomobilidir''.

İyunun 13-də Əfqan Muxtarlının Gürcüstandakı vəkili Arçil Çopikaşvili isə Tbilisi Şəhər Prokurorluğundan Tbilisi Şəhər Məhkəməsinə şikayət verib. Bu şikayət Gürcüstan Prokurorluğunun Əfqan Muxtarlı və həyat yoldaşı Leyla Mustafayevaya zərərçəkmiş statusunun verilməməsi ilə bağlıdır. 

Əfqan Muxtarlıya azadlıq aksiyasından
Əfqan Muxtarlıya azadlıq aksiyasından.

Deputat Elman Nəsirov Azadlıq Radiosuna müsahibəsində Əfqan Muxtarlının saxlanılaraq Gürcüstandan Azərbaycana gətirildiyini etiraf edib:

''Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb. Söhbət böyük şəbəkədən gedir, həmin şəbəkə də Əfqan Muxtarlının Azərbaycana gedib çıxmaması üçün hər cür addım ata bilərdi, çox böyük qarşıdurma yarana bilərdi. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanları çox böyük peşəkarlıq nümayiş etdiriblər. Peşə vərdişlərinə uyğun olaraq, bu addımı atıblar''.

İyunun 13-də Baş Prokurorluq bəyanat yayaraq bildirib ki, Milli Məclisinin deputatı Elman Nəsirovun jurnalist Əfqan Muxtarlının Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə kütləvi informasiya vasitələrinə verdiyi informasiyalar həqiqəti əks etdirmir: “Bəyan edirik ki, Azərbaycan hüquq-mühafizə orqanları Gürcüstan xüsusi xidmət və digər hüquq-mühafizə orqanları ilə Ə.Muxtarlının tutulması ilə bağlı əməkdaşlıq etməyib və bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət olunmayıb”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur''.Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.