Azərbaycanla Gürcüstan Muxtarlı hadisəsinə hələ də aydınlıq gətirə bilmir

May ayının 29-da araşdırmaçı jurnalistin Tbilisidə yoxa çıxmasında və növbəti gün Bakıda peyda olmasında Gürcüstan və Azərbaycan hakimiyyətinin hər hansı rol oynaması ehtimalı onları sərt tənqidlərlə üz-üzə qoyub.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı sərhədi qanunsuz keçmədə, qaçaqmalçılıqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərmədə ittiham edilir. Hüquq-mühafizə orqanları iddia edirlər ki o, pasportsuz və üzərində 10 min avro məbləğində pulla qeyri-qanuni şəkildə sərhədi keçib. Məhkəmə Ə.Muxtarlı haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Leyla Mustafayeva polisə bildirib ki, onun həyat yoldaşı Ə.Muxtarlı dostları ilə görüşdükdən sonra evə gələrkən ona zəng edib və yolda olduğunu bildirib. L.Mustafayevanın sözlərinə görə, Ə.Muxtarlının həmin vaxt üzərində bir neçə lari məbləğində pulu varmış, xarici pasportu isə üzərində olmayıb.

Gürcüstanda keçirilən 'Əfqan Muxtarlıya azadlıq!' aksiyasından
Gürcüstanda keçirilən 'Əfqan Muxtarlıya azadlıq!' aksiyasından.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumatlar Muxtatlının başına gələn və hər iki ölkə daxilində deyilən bəyanatlardan tamamilə fərqlidir.

Muxtarlının Bakıdakı vəkilləri qeyd edirlər ki, o, evə getməzdən öncə dostları ilə birgə olduğu kafedən çıxdıqdan sonra çörək və günəbaxan yağı almaq üçün ərzaq mağazasına daxil olub. Daha sonra isə o, evinin yanına gedən avtobusa minib. Vəkillərin sözlərinə görə, Ə.Muxtarlı Tbilisidə yerləşən evinin yaxınlığındakı küçədə oğurlanıb, daha sonra isə onun başına torba keçirilib. Jurnalist bildirir ki, o, təxminən iki saat ərzində sərhəddə çatdırıldıqldan sonra cibinə pul qoyularaq tez bir zamanda Azərbaycan təhlükəsizlik nümayəndələri tərəfindən həbs edilib.

Həbsin iki ölkənin əməkdaşlığı nəticəsində baş tutmasını ilk dəfə dilə gətirən Azərbaycan parlamentinin deputatı Elman Nəsirov oldu. İyun ayının 9-da Nəsirov, Muxtarlının tutulub Azərbaycana gətirilməsini iki ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini bildirib. Bir neçə gün sonra Azərbaycanın Baş Prokurorluğu bunu təkzib edən bəyanat yaydı.

Jurnalistin xanımı Leyla Mustafayeva onun pasportunun evdə olduğunu bildirir (Foto: AP Photo/Shakh Aivazov)
Jurnalistin xanımı Leyla Mustafayeva onun pasportunun evdə olduğunu bildirir (Foto: AP Photo/Shakh Aivazov).

“Daha öncə bildirildiyi kimi, may ayının 29-u saat 22.40 radələrində Azərbaycan vətəndaşı Əfqan Muxtarlı xarici pasportu olmadan qaçmağa cəhd göstərmiş və Gürcüstan ərazisindən Azərbaycan ərazisinə qanunsuz şəkildə keçmişdir. O, sərhədçilər tərəfindən saxlanılmış və onların hüquqi tələblərinə tabe olmamışdır”, deyə bəyanatda qeyd edilir. 

Tbilisidə küçədə oğurlanmış jurnalistlə bağlı təşkil edilən etiraz aksiyalarına və olayla bağlı beynəlxalq tənqidə məruz qalmalarına baxmayaraq, Gürcüstan təhlükəsizlik rəsmiləri uzun müddət ərzində susmağa üstünlük verdilər.

Gürcüstanın daxili işlər naziri bildirib ki, istintaq prosesi getdiyinə görə Muxtarlının hərəkət etdiyi istiqamətdə yerləşən müşahidə kameralarından götürülən video görüntülər hələlik ictimaiyyətə yayımlanmayacaq.

Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasından (Foto: REUTERS/David Mdzinarishvili)
Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasından (Foto: REUTERS/David Mdzinarishvili).

OCCRP jurnalistləri bir neçə sahibkarların obyektlərindən video görüntüləri istərkən, onlardan biri bunun şirkət qaydalarına zidd olduğunu deyərək, video görüntüləri göstərməkdən imtina edib. Digər bir şirkət isə Gürcüstan qanununa uyğun olaraq şəxsi məlumatların paylaşılmadığını bildirib.

Muxtarlının evə getdiyi yolda yerləşən digər bir şirkətin müşahidə kamerasından götürülən iki saatlıq video görüntüyə isə OCCRP və Rustavi-2 televiziya kanalının jurnalistləri baxıblar. Gürcüstan təhlükəsizlik nümayəndələri jurnalistlərdən əvvəl və sonra həmin şirkətə baş çəkiblər.

Baxılan videoda Nikolas Baratishvili küçəsində yerləşən səkinin görüntüsü var. Bu küçə Tbilisi mərkəzində yerləşir və adətən piyadalarla dolu olur.

İlk olaraq video görüntüdə küçənin qaranlıq olduğu və yağış yağdığı görünür. Təxminən jurnalistin oradan keçdiyi radələrdə video görüntü kəsilir, növbəti görüntülərdə isə aydın görünür ki, küçədə günəş işığı var və hələ ki, qaranlıq düşməyib. Video görüntüdə əvvəl və sonra yer alan küçədəki maşın və piyadalar da fərqlidirlər, görüntüdə qeyd edilən saat da bir neçə saniyənin geri çəkildiyini göstərir. Bir neçə dəqiqə sonra isə videoda yenidən yağışın yağdığı görünür.

Tiflisdən oğurlanan jurnalist bakıda məhkəməyə gətirilərkən (Foto: Reuters/Aziz Karimov)
Tiflisdən oğurlanan jurnalist bakıda məhkəməyə gətirilərkən (Foto: Reuters/Aziz Karimov).

Jurnalistlər məsələ ilə bağlı onlarla adamla danışsalar da, olayı görən şahid tapılmayıb. Mağazalarının və öz adlarının hallandırılmasını istəməyən iki mağaza işçisi bildirib ki, onların obyektlərində olan kameralar Gürcüstan Daxili İşlər Nazirliyinə aiddir və görüntüləri yalnız nazirliyin nümayəndələri əldə edilə bilər.

Jurnalistlər həmin iki işçi ilə hadisədən 9 gün sonra danışıblar. Onların dediklərinə görə, heç bir təhlükəsizlik əməkdaşı video görüntüləri yoxlamaq üçün onların mağazasına gəlməyib. 

Gürcüstan hakimiyyəti hadisə haqqında müxtəlif mesajlar ötürüb. Baş nazirin müavini Aleksandre Cecelava jurnalistlə bağlı məsələni şübhə altına salıb: “Bir şəxsin pasportunun evdə olması şübhəli bir şey deyil. Mən də öz pasportumu evdə qoymuşam. Əgər o, sərhədi qanuni şəkildə keçmək niyyətində olsa idi, ona pasport lazım olacaqdı. Yox, əgər o, bunu qeyri-qanunu etmək niyyətində olubsa, pasport ona lazım olmayacaqdı”. 

Gürcüstan prezidenti Giorgi Margelashvili isə araşdırmanın çox ləng getdiyini pisləyərək, bu məsələni çözmək üçün məşhur illüzianisti bu işə cəlb etməyi təklif edib: Bu şəxs Tbilisidə yoxa çıxıb və Bakıda peyda olub. Bəlkə bunun necə baş veridyini Devid Koperfilldən soruşaq”.

Gürcüstan parlamentində Əfqan Muxtarlının oğurlanmasına etiraz edən həmkarları (Foto: Studio Monitor)
Gürcüstan parlamentində Əfqan Muxtarlının oğurlanmasına etiraz edən həmkarları (Foto: Studio Monitor).

İyunun 9-da, Muxtarlının yoxa çıxmasından 11 gün sonra Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti qısa bir bəyanatla çıxış edib: “Azərbaycan deputatının dedikləri (Gürcüstan əməkdaşlığı ilə bağlı) həqiqəti əks etdirmir. Biz bu həbsdə iştirak etməmişik”. 

İyunun 13-də Muxtarlının gürcü vəkili Arçil Çipikaşvili PrimeTime-a verdiyi müsahibəsində qeyd edib ki, araşdırmada 200 nəfər dindirilib, lakin heç bir uyğun məlumat əldə edilməyib. O, araşdırmaçıların 30 kameradan götürdüyü görüntülərin də onunla paylaşılacağını bildirib. 

Olayla bağlı ən çox münasibət bildirən əcnəbi diplomatlardan biri də Gürcüstandakı ABŞ səfiri Yan Kelli olub. “Bir çoxunuz ABŞ-ın Əfqan Muxtarlının və digər ifadə azadlığı uğrunda həbsdə olanların azad edilməsi ilə bağlı Azərbaycana etdiyi çağırışları görmüsünüz”, deyə səfir, iyunun 5-də Tbilii universitetlərinin birində keçirilən tədbirdə çıxışı zamanı qeyd edib.

“Həmin bəyanatda Ə.Muxtarlının Gürcüstanda yoxa çıxması ilə bağlı Gürcüstan hakimiyyətini dolğun araşdırma aparmağa da səsləmişik. Hakimiyyətlə bizim çox yaxın əlaqələrimiz var və biz də anlayırıq ki, dövlət bizim bəyanatlara həqiqətən də böyük önəm verir. Ümid edirik və gözləriyirik ki, araşdırmaların nəticələrini çox yaxın zamanda görəcəyik”. 

Əfqan Muxtarlı Bakıda həbs-qətimkan tədbirini yaşayarkən, onun həyat yoldaşı və 4 yaşlı qızı Nuray Tbilisidə qalır. Muxtarlı və Mustafayeva - hər ikisi mütəmadi olaraq MeydanTV üçün məqalələr yazırlar.

MeydanTV-nin bəzi əməkdaşlarının ölkəni tərk etmələrinə qadağa qoyulub. Bir müddət öncə isə dövlət məhkəmə vasitəsilə saytın Azərbaycanda yayımlanmasını bloklamaq qərarını verib.

Həmkarları jurnalist Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasında (Foto: Mzia Saganelidze for RFE/RL)
Həmkarları jurnalist Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasında (Foto: Mzia Saganelidze for RFE/RL).

İyun ayının 14-də müstəqil jurnalist Ə.Muxtarlının həbsi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verməyə çağrılıb.

Azərbaycan hakimiyyəti son bir neçə il ərzində beynəlxalq insan haqları təşkilatları, jurnalistlər qrupu və digərləri tərəfindən ifadə azadlığını boğduğuna və müxalifətin siyasi fəallığına qarşı çıxdığına görə sərt tənqidlərə məruz qalır.

Mənbə: OCCRP