''Avropa Şurası problemləri həll etmək öhdəliyi götürməyib''

Avropa Şurası

Anar Məmmədli: ''Azərbaycan Avropa Şurasına üzv olandan ilk dəfəydi belə təlaş yaranırdı''

Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Prezident rəsmi Bakının Avropa Şurası Parlament Assambleyası ilə yaranmış münasibətlərinə toxunaraq quruma qarşı bəzi tənqidlərini də açıqlayıb. 

Ölkə başçısı ictimai rəydə Avropa Şurasına müsbət münasibət olmadığına eyham vuraraq “sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq”, bəyanatını səsləndirib.

Prezidentin çıxışını Meydan TV-yə şərh edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli İlham Əliyevin mövqeyini son vaxtlar beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı aparılan müzakirələrlə əlaqələndirib:

“Xüsusilə AŞ PA-da Bakı ilə bağlı müzakirələr son dönəmdə intensivləşdi. Konkret iki hadisəni göstərmək olar. Birincisi, Qərb mətbuatında “pulyuyan maşın” başlıqlı araşdırmalar qurumda təmsil olunan bəzi şəxslərin vəzifəsindən uzaqlaşması və onların fəaliyyəti haqda sorğuların gündəmə gəlməsi ilə nəticələndi. İkinci olay həbsdə olan ReAL sədri İlqar Məmmədov barədə Nazirlər Kabinetinin sentyabr qərarı idi ki, artıq katibliyə Avropa Məhkəməsinə müraciət hazırılanması tapşırığı verildi. Yəni rəsmi Bakıya vaxt qoyuldu. Azərbaycan Avropa Şurasına üzv olandan ilk dəfəydi belə təlaş yaranırdı. Faktiki olaraq, hakimiyyət həmişə özünəməxsus şəkildə maraqlarını müdafiə edib və müəyyən qruplarla çalışırdı. Hazırda bu imkanları itirmək təhlükəsi var”.

Anar Məmmədli Avropa Şurasının Azərbaycanda müsbət nüfuzunun olmaması barədə fikri Əliyevin subyektiv fikri olduğunu deyib:

“Çünki əlimizdə belə bir sorğu yoxdur ki, bu barədə fikir yürüdək. Amma Avropa Məhkəməsi Azərbaycanda insanların öz hüquqlrını qorunması baxımından son mötəbər instansiya olaraq qalmaqdadır”.  

Anar Məmmədli foto Meydan TV
Anar Məmmədli foto Meydan TV.

Anar Məmmədli prezidentin “Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir” açıqlamasını belə şərh etdi:

“Məsələ burasındadır ki, rəsmi Bakı Avropa Birliyi strukturları ilə əlaqələrini saxlamaq, əməkdaşlığı davam etdirmək istəyir. Digər tərəfdən Avropa Şurası və Avropa Birliyindən indiyə qədər Azərbaycanın ərazi bütövlüyünə şübhəni özündə ehtiva edən bəyanatlarına rast gəlməmişik. Ümumiyyətlə, hər iki qurum ərazi bütövlüyü məsələsində həssas davranırlar və bununla bağlı siyasi spekulyasiyaya yol verməməyə çalışırlar. Konkret olaraq, Avropa Birliyinin və Avropa Şurasının Dağlıq Qarabağla bağlı sənədlərində Azərbaycanın torpaq bütünlüyünə vurğular var. Bəli, Ramil Səfərovla bağlı qətnaməni misal çəkə bilərlər, amma bunun münaqişəyə aidiyyatı yoxdur. Düzdür, Səfərovun situasiyasının Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirmək cəhdləri oldu. İndiki sitiusiya fərqlidir. Hakimiyyət Avropa strukturlarından maliyyə dəstəyi almaq istəyir. Çünki Avropa Birliyi bir çox ölkələrdə maliyyə donorlarından biridir. Əgər strateji əməkdaşlıq sazişi imzalanarsa, birbaşa maliyyə yardımları gündəmə gələ bilər. Son görüş də Bakıyla Avropa Birliyi arasında imzalanacaq saziş çərçivəsini əhatə edir. Hökumət sənədin tez hazılrlanıb imzalanmasında maraqlıdır, çünki ortada maliyyə dəstəyindən söhbət gedir”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov öz növbəsində bu məsələ ilə bağlı Meydan TV-yə deyib ki, prezidentin Avropa Şurası haqda ictimai rəyin müsbət olmamasını Dağlıq Qarabağa görə bağlaması arqumenti əsaslı deyil. Çünki Ermənistan və Azərbaycan Avropa Şurasına üzv olanda qurum problemi həll edəcəyi öhdəliyini götürməyib:

“İlham Əliyevin Azərbaycanın şuradan çıxdıqda heç nə itirməyəcəyinə gəldikdə, əslində, bundan ölkəmiz itirəcək, nəinki qazanacaq. Azərbaycan öz mövqeyini işıqlandıran beynəlxalq platforma itirəcək. Nəzərə alın ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Şurasında müxtəlif vəzifələr tuturlar. Üzvlükdən çıxsaq, yaxud çıxarılsaq, bunlardan məhrum olacağıq. Ən əsası da Azərbaycanın Avropa məkanına real inteqrasiya barədə vədləri yalan olacaq”.

Rəsul Cəfərov
Rəsul Cəfərov.

Rəsul Cəfərov “niyə bu məsələlər məhz indi gündəmə gəldi” sualına belə cavab verib:

“Səbəb Avropa Şurasının İlqar Məmmədov və insan haqları barədə daha qətiyyətli mövqe turması idi. Buna qarşı əks mövqe kimi Dağlıq Qarabağ məsələsini qoymaq həqiqəti əks etdirmir. Bəzi hallarda şantaj xarakteri daşıyır. Axı Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsini həll etməsi üçün funksiyası yoxdur”.