''Əsas səbəb Mehriban Əliyevanın oyundan kənar vəziyyətə salınması idi''

Mehriban Əliyeva

Ərəstun Oruclu: “YAP-ın qurultayda Mehriban Əliyevanın namizədliyi veriləcəksə, biz bir ssenari görəcəyik”

Ölkə başçısı İlham Əliyevin aprelin 11-də növbədənkənar prezident seçkisinin keçirilməsi haqda sərəncamı gündəmin əsas müzakirə mövzusudur. Fevralın 5-də imzalanan həmin sərəncamın yaratdığı suallara mühacirətdə yaşayan siyasi icmalçı Ərəstun Oruclu isə cavab tapmağa çalışdıq.

- Ərəstun bəy, Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək. Prezident məlum sərəncamından sonra ABŞ dövlət katibinin müavininin müaşviri Bricet Brink ilə görüşdü. Sərəncam barədə suala xanım Brinkin cavabı diplomatik oldu, o, dedi ki, seçkilərin Konstitusiyaya və beynəlxalq öhdəliklərə uyğun keçirilməsini tövsiyə edirlər. Bu açıqlamanı Qərbin reaksiyası saymaq olarmı?

- Deməli, beynəlxalq reaksiya artıq var. ABŞ rəsmisi xanım Brink məhz həmin sərəncamdan sonra Bakıya səfər etdi, bunun özü reaksiyadır. Elə sualın mahiyyətindən yayınması da reaksiya sayıla bilər. Bilirsiniz, reaksiyanın yoxluğu da reaksiyadır. İndiki şəraitdə növbədənkənar seçki barədə sərəncam bütün tərəflərlə razılaşdırılıb. Ola bilsin açıq şəkildə razılaşdırılmayıb, amma hər halda tərəflərin reaksiyası əvvəlcədən müəyyənləşdirilib. Əslində, hazırda baş verənlər yeni bir şey deyil, artıq 2003-cü ildən başlayan prosesin yekunu yox, məntiqi davamıdır. O zaman seçkilərin nəticəsi elan olunmamış ABŞ dövlət katibinin müavini Riçard Armitaç zəng edib İlham Əliyevi təbrik etdi. Faktiki olaraq, ABŞ Dövlət Departamenti seçkilərə açıq müdaxilə etdi. Departamentdən bu zəngə təəccüblü reaksiya verildi, guya, bu, dosta zəng idi. Sanki bunlar “Milyonçu” oyunu oynayırdılar, dosta zəng edib cavab gözləyirdilər. Əvvəllər də demişəm, biz Rusiyadan, Qərbdən, Şərqdən əlimizi üzüb taleyimizi özümüz həll etməliyik. Azərbaycanda normal demokratik cəmiyyətin qurulmasında heç bir ölkə maraqlı deyil. Hər bir dövlət bizim bölgədə öz təhlükəsizlik, iqtisadi və geosiyasi maraqlarını reallaşdırmaqda israrlıdır. Məhz bu səbədən də onlar nəinki Azərbaycanda demokratiyaya dəstək vermirlər, insan haqlarının qorunmasına səy göstərmirlər, əksinə, hakimiyyətin bu dəyərləri dağıtmasına bəzən açıq, bəzən də sətiraltı susqunluqla dəstək verirlər. Bu baxımdan mən təəccüblənmirəm. Avropa strukturlarından da bu cür reaksiya olsa, təəccüblənməyəcəm.

Ərəstun Oruclu
Ərəstun Oruclu

- Ancaq prezident Trampın Milli Təhlükəsizlik Strategiyasında belə bir fikir var: ABŞ-ın ən sıx əlaqələri bizim dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir. Xanım Brink də bu açıqlamanı konfransda xatırlatdı.

- Bəli, Donald Trampın xarici siyasətində həmin ölkələr üstünlük təşkil edir, məsələn, Səudiyyə Ərəbistanı. Zənnimcə, bu ölkəni xatırlatmaq kifayət edir. ABŞ administrasiyasında bir nəfər də Səudiyyə Ərəbistanında insan haqlarının durumu haqda neqativ fikir səsləndirmir. Mən sadəcə Səudiyyə Ərəbistanını misal çəkdim. Bu ölkədəki vəziyyətə loyal yanaşanların Azərbaycandakı duruma münasibət bildirəcəyini gözləmirəm. Bir daha deyirəm, Azərbaycanın demokratikləşməsi azərbaycanlılara lazımdır, başqa heç kimə yox.

- Hakimiyyətin bu gözlənilməz qərarı hansı zərurətdən doğur? Niyə tələsirlər?

- Bir neçə səbəb var. Birinci, hakimiyyətdaxili münasibətlər və qruplaşmalar arasındakı mübarizədir. Anlayırlar ki, oktyabra qədər davam etsəydi, münasibətlər bir qədər də kəskinləşəcəkdi. Sosial-iqtisadi böhran və bölgədəki vəziyyətin gərginliyini də baş verdiyini nəzərə alsaq, payızda fəsadların daha ciddi olması mümkün idi. Ona görə də ertələmə yolunu tutdular, hakimiyyəti möhkəmlətmək, sonrasına baxarlar. Azərbaycan mətbuatında sosial-iqtisadi vəziyyətlə bağlı müntəzəm dezinformasiya yayılır, halbuki, durum çox ağırdır. ÜDM bu il ən nikbin proqnozlara görə 1 faiz olacaq, yəni iqtisadiyyat 1 faiz kiçiləcək. Dövlət başçısı və rəsmilər isə iqtisadi inkişafdan və valyuta ehtiyatından danışırlar. Amma mən Azərbaycanın ehtiyatlarının qaldığına inanmıram, hamısı talanıb və oğurlanıb. Sadəcə, iqtisadi siyasət qeyri-şəffaf aparıldığından heç kəsin tam məlumatı yoxdur. Hakimiyyətdəkilər real vəziyyəti bilirlər. Nəzərə alaq ki, heç bir islahat həyata keçirilməyib. Daxildə sərvət və mülk davası gedir. Artıq bir-birini talayırlar, son bir ildə vəzifədən uzaqlaşdırlan nazirlər də çox böyük mülk, sərvət sahibi olublar. Talançılığın daxilə keçməsi bu prosesin nəticəsinin acı olacağına deməyə əsas yaradır. Birincisi, talanır, ikincisi də, üçüncüsü də hesablaşır, amma hansısa susmayacaq və bu da daxili duruma təsirini göstərəcək. Ona görə ertələyici addım atdılar. Nəhayət, Rusiyadakı seçkilər, bu ölkənin ağır iqtisadi və siyasi vəziyyəti nələrin gözlədiyini deməyə çətinlik yaradır. Bütün bunları nəzərə alıb, xüsusi nəsə axtarmağa ehtiyac yoxdur. 

- Siz iddia etdiniz ki, hansısa məmur özünün talanmasına dözməyəcək. Yəni hakimiyyətdə cəsarətli və etiraz edəcək fiqur varmı?

- Bunu öncədən görmək çox çətindir. Sadə bir misal, Özbəkistanda uzun müddət İslam Kərimov diktaturası mövcud olub və heç kim onun qurduğu arxaik rejimini hökumətin içindən çıxan şəxsin dağıdacağına inanmırdı. Prezident Şövkət Mirzayayev hazırda Kərimov rejimini dağıdır. Bu baxımdan Özbəkistan hazırda dünyanın diqqət mərkəzində olan ölkələrdən biridir, hara qədər gedəcəklər, bilmirəm, amma indi proses davam edir. Yaxud Stalin cinayətkar rejiminin ən qanlı cinayətkarlarından biri sonradan rejimin iflasını həyata keçirdi, Nikita Xruşov. Bu mənada Azərbaycan da oxşar prosesin olacağını istisna etmirəm.

- Bəzi təhlilçilər həmin fiqurun Paşayevlərin içindən çıxacağını iddia edirlər. Siz necə düşünürsünüz?

- Mövcud arxaik və ruhən tarixə qovuşmuş sistemi onlar dağıda bilər. Amma çox yüksək ehtimalla buna yol verilmədi və seçkinin vaxtının dəyişdirilməsinin əsas səbəbi Mehriban Əliyevanın oyundankənar vəziyyətə salınması idi. Prinsip etibarı ilə buna nail olunub. Sabah YAP-ın qurultayı keçiriləcək, əgər daxili qərar varsa, İlham Əliyev Mehriban Əliyevanın namizədliyini təklif edəcəksə, qurultay qərarı qəbul edəcək. Çünki Mehriban Əliyeva YAP sədrinin müavini və Birinci vitse-prezidentdir. İkinci, qurultayda sistemin müqavimət qabiliyyəti görünəcək. Mən müqavimət göstərəcəklərini düşünmürəm. Sadəcə, İlham Əliyev “köhnə qvardiya”nın təhdidindən çəkinir, amma təhdidin çox ciddi və real olduğunu hesab etmirəm. İstənilən halda avtoritar rejimdə onları neytrallaşdırmaq çox sadə yolla mümkündür.

- Ancaq fərqli düşünənlər də var. Onlar İlham Əliyev və Mehriban Əliyevanın bir komandada olduğunu deyir. Düşünürlər ki, sadəcə, bu məsələni diqqəti əsas məsələlərdən yayındırmaq üçün atıblar, necə ki, 25 ildə bu cür oxşar olaylar çox olub...

- Söhbət komandaların fərqliliyindən gedir. Mən Paşayevlərin Əliyevlərdən prinsipial fərqləndiyini demirəm. Amma istənilən halda sistem qalıbsa, bu, faciəyə aparan yoldur. Bu gün ölkənin siyasi sistemi dağıdılıb, institutlar sıradan çıxarılıb, alternativlik yoxdursa, yeganə yol sistemi daxildən dəyişməkdir. İstənilən bir tərpəniş vacibdir, çünki hər bir hərəkət yenilərini gətirəcək, bu qaçılmaz reallıqdır. Ancaq belə qalacaqsa, ərəb ölkələrindəki proses olacaq və bu da dağıdıcıdır.

- Bəs 11 apreldən sonra nə olacaq?

- Tutalım möcüzə baş verdi, qurultayda Mehriban Əliyevanın namizədliyi veriləcəksə, o halda biz bir ssenari görəcəyik. Yox, İlham Əliyev qalacaqsa, indiyə qədər gördüyümüz olacaq, heç nə dəyişməyəcək.