Seçkiyə nə ilə gedirlər

İlham Əliyev və kürəkəni

Seçki yarışında hələlik beş namizəd bəllidir.

İkisi hamıdan əvvəl öz niyyətini bildirmişdi. Qalanları sonradan. Fəqət bu şərti müxalifət dəstəsini seçki nəticələrinə təsir imkanları baxımından eyni dərəcədə saya almamaq mümkündür.

Mirmahmud Fəttayev və İsa Qəmbər namizədliklərini irəli sürəcəklərini bildirdilər. Sonra Müsavat qazancları və itkiləri götür-qoy etdikdən sonra elan etdi ki, İsa Qəmbər seçkidə iştirak etməyəcək.

Müsavatdan əvvəl Milli Şura dedi ki, “mənlik döyül”.

Mirmahmud ağa seçkiyə nə ilə gedir, məlumdur. Ötən 15 ildə heç nəyin məsuliyyətini daşımayıb, heç bir iş görməyib, seçiciyə göstərəsi heç bir nailiyyəti yoxdur.

Özlərini müxalifətin öncülləri sayanlar çoxdur, fəqət müxalifət ölüm ayağındadır, xırıldayır.

Cənab Fəttayev seçki platformasında yazsa ki, mən son 15 ildə sadəcə yaşamışam və sağ qalmışam, buna görə mənə səs verin və prezident seçin, bu sözlərin seçiciyə heç bir təsiri olmaz, çünki onlar da sadəcə yaşayıblar, sağ qalıblar və heç zad etməyiblər.

Yəni Klassik Xalq Cəbhəsinin namizədi sıradan biridir və göstərib iftixar etmək üçün heç bir nailiyyəti yoxdur. Necə ki, külli-Azərbaycan əhli, istehlakdan savayı heç zad etməmişik.

Desə ki, mən milli-azadlıq mübarizəsinin şəksiz lideri Əbülfəz Elçibəyin sadiq şagirdlərindənəm və davamçısıyam, yığacağı səs dərhal ikiqat azalacaq.

Açıq desə ki, mən və dəstəmiz indiki hakim zümrəni iki çevrilişdən sonra hakimiyyətə gətirib xalqın başına oturtmuşuq, yenə seçici “lənətu-l-lahi alə-ş-şeytan” deyib özlüyündə and içəcək ki, bir də bu xalq işinə naxələflərə səs verməyəcək.

Xülasə, bu namizədin seçki kisəsi bomboşdur və belələrinə “spoyler”, yəni havanı yaran və təəssürat yaradan kəs deyirlər.

Olsa-olsa, padşahdan medal, yəni gələn parlament seçkilərində bir mandat alıb həyatını şad-xürrəm sürəcək.
Qalan indiyə kimi üzə çıxmış üç namizədliyə namizəd bu klassik cəbhəçidən də yüngül çəkilidir və seçiciyə deyəsi heç bir inanılası sözləri yoxdur. Amma deməyə can atırlar, zira xalqımız söz vurğunudur.

Qaldı İlham Əliyev cənablarına və zati-alilərinə, insaf xatirinə demək lazımdır ki, onun də seçki öncəsi kisəsi bomboşdur. Seçiciyə göstərəsi heç bir nailiyyəti yoxdur.

Qarabağ ermənidə və rusda. Danışıqların gedişini xalqdan ciddi-cəhdlə gizlədirlər, camaat bilsə ki, diplomatiyamız hansı mövqedədir, gülməkdən uğunub qəşş edər.

İqtisadiyyat istehza və rişxənd doğurur. Əhalinin maddi həyat səviyyəsi zavallı Ermənistan əhalisi ilə müqayisə ediləsidir. Son illərin ən parlaq iqtisadi nəticəsi büdcənin ikiqat ixtisara düşməsidir. Bu analoqu olmayan nailiyyət hakimiyyətin başında duran şəxsin idarəçilik bacarığının ən danılmaz sübutudur.

İnsan hüquqlarının pozulması, siyasi məhbusların sayı, əhalinin məhkəməyə və hakimlərə tam inamsızlığı, ölkədə korrupsiyanın yüksək həddi, tarmar edilmiş dövlət vəsaitinin həcmi və gurultulu uğursuzluğa uğramış mənasız dövlət proqramlarının mütləq iflası sahəsində Azərbaycan dünyanın ən qabaqcıl ölkəsi kimi tanınır və adı bütün qara dəftərlərdədir.

Ölkədən qaçıb canını qurtarmış adamlar qürbətdə üçüncü növ insanlar kimi kasıb yaşasalar da, Azərbaycanda qalmış əhali onlara haqlı həsəd aparır.

İlham Əliyev dördüncü dəfə seçilmək üçün seçiciyə nə deməli, nəyi göstərməlidir?

Desə ki, mənim hakimiyyətdə olduğum illərdə Azərbaycan yüz miyard dollar pulu xərcləyib heç bir maddı məhsul istehsal etməyən dövlət qulluqçularının və işi-peşəsi bir-birinə mal satıb? almaq olan minlərlə tüfeyli insanın yaşadığı çoxmərtəbəli evləri tikib, camaat bundan fərəh duyarmı?

Desə ki, Azərbaycan beynəlxalq idman və şou bürokratiyasına xoş gəlmək üçün ətək-ətək pul töküb xeyli sayda xalqa bir qəpiklik fayda gətirməmiş nəhəng tədbirlər keçirib, seçici bundan ruhlanacaqmı?

Desə ki, mənim dövrümdə Bayıl türməsi sökülüb Kürdəxanı türməsi tikilib, seçici bu məhbəslər arasında heç bir fərqin olmadığnı bilməyəcəkmi?

Desə ki, xalqın minlərlə ziyalısının arasından seçib-seçib Milli Məclisə təyin etdiyimiz vücudları Avropaya göndərmişik ki, üzümüzü ağ etsinlər, onlar isə Avropamiqyaslı korrupsiya qalmaqalı törədib ölkənin boyunu yerə soxublar, seçici sevinəcəkmi?

Desə ki, mənim hakimiyyətim illərində qeyri-neft sektorunun inkişafı barədə edilmiş nitqlərin, yazılmış məqalə və kitabların, keçirilmiş müşavirələrin sayı yüzlərlə sayılsa da, bütün bunlar gerçək iqtisadi inkişafa zərrə qədər xeyir verməyib, xeyli hissəsi işsiz və pulsuz olan seçici kütləsi onu qınamazmı?

Desə ki, hakimiyyətim ailəmi və nəslimi dünyanın ən varlı təbəqəsinə aid edib, maaşdan maaşa və təqaüddən təqaüdə manatlarını saya-saya dolanan seçici bundan iftixar duyarmı?

Mən də seçiciyəm, daha doğrusu, səs vermək hüququm var, fəqət 2008-ci ildən bəri seçkiyə getmirəm.

Niyə? Prezidentliyə iddia edənlərin bu vəzifəyə yaramadığını bilirəm, həm də anlayıram ki, seçicilərin əksəriyyəti də bunu anlayır və seçkiyə gəlmir. Gələnlər isə məsələnin mahiyyətində Vətən məfhumunun yoxluğunu dərk etmir.
Şəxsən mənim üçün prezident İlham Əliyev bir fotoşəkildə öz hakimiyyətinin mahiyyətini tam açıb göstərib.

Bir qaçqın dostumun oğlu prezidentin “Pambıq əkin” çağırışına inanıb gedib Harami düzündə icarəyə torpaq götürüb və pambıq əkib. Təbii ki, mənimlə məsləhətləşmədən, məsləhət istəsəydi, deyərdim ki, bu hakimiyyətin bir sözünə belə inanma. Xülasə, pambığı əkib və ona qulluq edib yığmaq üçün kiçik sahibkarlara güzəştli borc verəsi təşkilatdan cəmi 10 min manat pul istəyib. Məmurlar onu top kimi çiləyib-çiləyib, nəticədə rədd cavabı veriblər.

Borc-xərc, güc-bəla pambığı yığıb və satıb. Nə ziyana düşüb, nə də bir manat qazanıb. Xata-baladan salamat qurtulduğuna görə Allahına şükür edir.

Elə bu vaxt bir saytda prezidentin fotoşəklini gördüm. Şəkildə prezident zati-aliləri pomidor yeşiklərinin yanında durub, oradan bir pomidoru götürüb diqqətlə ona baxır.

Bu şəkli çəkib yayımlayan dövlət xəbər agentliyi millətə çatdırmaq istəyir ki, zati-aliləri iqtisadiyyatımızın inkişafının qayğısına qalır.

Gözəl şəkildir, fəqət mən buna sevinmirəm. Niyə? Çünki pomidor nədir ki, ona böylə diqqətlə baxasan? Pomidor yeni smartfon deyil, mürəkkəb elmtutumlu məhsul deyil. Pomidor sadəcə pomidordur.

Saniyən, iqtisadiyyatımızın qayğısını çəkən zati-alilərinin qənşərində bu pomidoru yetişdirən parnikin sahibi cənab Qurbanov durmuşdu ki, o da zati-alilərinin, Allah canını sağ eləsin, kürəkənidir. Və sayt da xəbər verir ki, həmin bu kürəkən öz parniki üçün dövlətdən 75 milyon manat kredit alıb.

Və mən kimsəsiz qaçqın oğluna 10 min manat tapa bilməyən qurumun zati-alilərinin kürəkəninə 75 milyon tapmasının məntiqini yalnız bir şeylə izah edə bilərəm ki, həmin bu qaçqın oğlu çox çalışqan və ləyaqətli bəndə olsa da, kürəkən deyil.

Nə isə, halal xoşları olsun.

Son otuz ildə Nemətə, Etibara, Ayaza, Əbülfəzə, Heydərə, İsaya və İlhama qurban-sadağa gedən əhali elə belə də rəftara layiqdir.

Lakin süni də olsa, seçki olacaq və bu seçkidə prezidentliyə namizəd zati-aliləri seçicilərə nə isə deməlidir. Nə desə, ona inanarlar?

Desə ki, nümunəvi avtoritar quruluşu daha da sərtləşdirmişəm, inanarlar.

Desə ki, heç bir sahədə uğur qazanmasam da, xalqı özümə aramsız alqış söyləməyə məcbur etmişəm, inanarlar.

Desə ki, yaxın və uzaq keçmişimizi saxtalaşdıran tarixçiləri elmi qurumlara başçı təyin etmişəm, inanarlar.

Desə ki, haqq sözünü deyənin dilini boğazından dartıb qoparıram, inanarlar.

Desə ki, Azərbaycanın bütün dilbər guşələrini özüm və ətrafım özəlləşdirib və xalqı onlardan məhrum edib, inanarlar.

Desə ki, sovet vaxtı tək Moskvadan asılı olan respublikamız indi həm də Ankaradan, Parisdən, Vaşinqtondan və Londondan asılı vəziyyətə düşüb, inanarlar.

Desə ki, milli televiziya ilə elə verilişlər yayımlanır ki, millətin ruhu ölür və zövqü korlanır, inanarlar.

Desə ki, millətin qürurunu və gələcəyə inamını sındırib qıra bilmişəm, inanarlar.

Desə ki, Azərbaycanın gənc nəslinə qaçmaq üçün Qərbin yolunu göstərmişəm, inanarlar.

Desə ki, Azərbaycanda azad media qalmayıb, düz söz deyən saytları bloklamışam, inanarlar.
Bu qəbildən çox söz deyə bilər, seçici hamısına inanar.

İnanar və ona səs verər, zira bu millət artıq çoxdandır ki, nəyin yaxşı, nəyin pis olduğunu dərk etmir.

Dərk etmədiyinə görə də belə yaşayır.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.