Cəmil Həsənli: Seçki kampaniyası başlamadan yaradıcı birliklərin İlham Əliyevi dəstəkləməsi qanunsuzdur

Cəmil Həsənli Fotoqraf: Aziz Karimov

Rəhman Bədəlov: “Bu kimi məsələlərlə bağlı sualları gülüşlə qarşılayıram”

Demokratik qüvvələrin Milli Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəmil Həsənli yaradıcı birliklərin 11 aprel növbədənkənar prezident seçkisində hazırkı ölkə başçısı İlham Əliyevə dəstəklərini qanunsuz adlandırıb.

Bu barədə Meydan TV-yə danışan Cəmil Həsənli qeyd edib ki, seçki kampaniyası başlamadan belə bir münasibət yolverilməzdir.

Cəmil Həsənli deyib ki, həmin təşkilatlar büdcədən maliyyələşir, yəni sırf hakimiyyətin nəzarətindədir.

“Bir nazirlik necə saxlanılırsa, yaradıcı birliklər də həmin formada saxlanılır”, C.Həsənli deyib.

Yazıçılar Birliyində bundan sonra qalıb qalmayacağı məsələsinə gəldikdə isə, C.Həsənli vurğulayıb ki, bir çox təşkilatların üzvüdür, amma hamısına cavabdeh deyil.

“Nədənsə ölkənin çox ciddi məsələlərini gətirib mənim AYB üzvü olmağıma bağlayırlar. Bu üzvlük nəyi həll edir, yaxud hansısa üzv, fərd təşkilatın bütün fəaliyyətinə cavabdeh ola bilməz”.

"Bəs Anar Rzayev niyə bütün AYB üzvləri adından danışır" sualına Cəmil Həsənli "Bu məsələni birliyin əsasnaməsi tənzimləyir, mən bu barədə bir şey deyə bilmərəm" deyə cavab verib.

Rasim Qaraca, foto: AFU
Rasim Qaraca, foto: AFU

Yazıçı Rasim Qaraca hesab edir ki, ümumən yaradıcı təşkilatlar hakimiyyətə aid idarəetmə qollarıdır, onların mövcud iqtidarı dəstəkləməsi təbiidir.

“Başqa cür edə bilməzlər, əks təqdirdə, onlar üçün arzuolunmaz durum yaranar”, R.Qaraca deyib.

O, hesab edir ki, sovetdən qalma yaradıcı strukturlar ləvğ edilməlidir, sənət adamları QHT-lərdə birləşməli və dövlətdən asılı olmamalıdır.

Rəhman Bədəlov
Rəhman Bədəlov

Publisist Rəhman Bədəlov bu kimi məsələlərlə bağlı sualları gülüşlə qarşıladığını deyir.

Onun fikrincə, yaradıcı birliklər paslanmış zəncirin bir halqası olduğundan fərqli mövqe gözləmirdi:

“Azərbaycan cəmiyyətində siyasət proses olmadığı üçün seçki də yoxdur. Bütün büdcə təşkilatları eyni qaydada idarə olunur, ona görə mən baş verənləri normal qiymətləndirirəm. Azərbaycan xalqı 15 ildir bir adama dözürsə, fərqli nəsə gözləyirsinizmi, bunu necə qiymətləndirmək olar?! Maraqlı odur ki, seçimdən kənarda canlı həyat var, bax, bu mənim təəccüblüdür”.

Rəhman Bədəlov düşünür ki, Azərbaycanda müqavimətlə heç nə dəyişməyəcək, çünki üçüncü dünya dövlətləri sırasına daxildir:

“Əgər paralel həyat, cəmiyyət yaranırsa, təəccüblənməyək və ona dəstək verməliyik. Problem siyasi mədəniyyətin, dövlətçilik və müqavimət təcrübəsinin olmamasından qaynaqlanır. Belə vəziyyətdə ziyalı nə etməlidir, mitinq etməlidir? Əgər hər hansı etiraz olarsa, mən imzamı qoyaram. Qəhrəmana ehtiyacı olan millət xəstədir, bu fikri anlamalı və ziyalıdan qəhrəmanlıq gözləməmələyik”.

Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkisi barədə sərəncam imzalayıb.

Sərəncamdan bir neçə gün sonra Azərbaycan Yazıçılar, Rəssamlar, Bəstəkarlar birlikləri, o cümlədən, Teatr İttifaqı hazırkı ölkə başçısı İlham Əliyevi dəstəkləyəcəkləri haqda müraciət yayıblar.