Yeni qəbul edilən qanun əlilliyi olanların iş tapmasını asanlaşdıracaq

Milli Məclis

Milli Məclis ''Əlilliyi olan şəxslərin hüquqları haqqında'' qanunu qəbul etdi

Fevralın 13-də Milli Məcisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni təqdim edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir:

"Sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, iş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reablitasiyası və məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərin müyəssərliyinin təmin edilməsi və digər məsələlər əksini tapıb".

Komitə sədri əlavə edib ki, Azərbaycanda 620 min əlilliyi olan şəxs var. Bu da ölkə əhalisinin 6 faizi civarındadır:

Hadı Rəcəbli
Hadı Rəcəbli

"Dünyada bu rəqəm 10-12 faizdir. Bizdə faiz göstəricisinin az olmasını bu sahədə ardıcıl işlərin görülməsi ilə bağlıdır. Son illər əhalinin sayı 1,5 milyon nəfər artsa da, bu qrup insanların sayında artım yoxdur. Buna səbəb reablitasiya mərkəzlərinin inkişaf etdirilməsidir”.

Daha sonra çıxış edən deputat Fazil Mustafa isə deyib ki, əlilliyi olan şəxslərin sayının azalmasında ölkədə aparılan profilaktik tədbirlərdən daha çox, 2 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki dəyişikliklərlə bağlıdır:

“Nazirlikdə iki il əvvəl edilən dəyişikdən sonra, onlar da əvvəllər əlilliyin sayının artmasının qarşısını almaq üçün bürokratik əngəllərdən istifadə edildiyini etiraf etdilər. Bizdə artımın olmaması əlillərin hüquqlarının tanınmaması ilə əlaqələndirildi. Son iki ildə tibbi komissiyada bu məsələ həllini tapdı”.

Fazil Mustafa müzakirə edilən qanuna əlilliyi olan uşaqların bütün müəssisələrdə müalicəsinin pulsuz olması ilə bağlı maddə əlavə edilməsini təklif edib. O həmçinin qeyd edib ki, ölkədə ictimai nəqliyyat və təhsil məsələsində də əlilliyi olan şəxslərin problemləri həll edilməlidir:

Fazil Mustafa
Fazil Mustafa

“Bəzi ictimai nəqliyyat növlərinin ləğv edilməsi əlillərin işini çətinləşdirib. Bakıda metro tikintisi ləng gedir. Bu, həm də dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin azalması ilə də bağlıdır. Deputatı olduğum Sabunçu rayonu Bakıxanov qəsəbəsində uzun illərdir metro tikintisi gündəmdə olsa da, hələ də bu məsələ yarımçıq qalır. Metro tikintisi hələ bir neçə il gecikəcək ki, bu da əlillərin işini çətinləşdirir. Əlillərin metroya daxil olması bu gün ciddi problemdir. Bəzi keçidlərdə bir neçə qatlı pilləkənlərdir. Yolun ortasında isə betonlar yerləşdirilib. Əlillər haradan keçməlidir? Eşitmə qabiliyyətində çətinlik yaşayan əlillər üçün dövlət büdcəsindən maliyyələşən surdo tərcüməçilər olmalıdır”.
Müzakirələrdən sonra qanun layihəsi səverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Layihədə Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı xüsusi dövlət proqramı hazırlanması nəzərdə tutulub. Bildirilir ki, əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reablitasiyası və sosial bacarıqların inkişafı məqsədilə Fərdi Reabilitasiya Proqramı (FRP) tərtib olunur. Proqramın hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Burada uşaqların erkən, habelə sonrakı yaş həddində sosial-psixoloji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və onların qanuni nümayəndələrinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının işində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qanuni nümayəndəsinin iştirakı təmin edilir.
Dövlət müəssisələri, idarələri və təşkilatlar FRP-nın icrasını təmin etməlidir.
Bundan başqa, Azərbaycanda inklüziv təhsil (əlilliyi olan şəxslərin təhsil müəssisələrində digər şəxslərlə birgə təhsili) sistemi də qanunla təsbit olunur. Yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 1-ci maddəsində inklüziv təhsil əsas anlayış kimi verilib.

Qanun layihəsinin 20-ci maddəsində isə bildirilir ki, əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı xüsusi və ya inklüziv təhsil formasında, xüsusi təhsil proqramları və fərdi təhsil planı əsasında həyata keçirilir.

Eyni zamanda, qanun layihəsinin 22-ci (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) maddəsində qeyd olunur ki, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə işə qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyır.

Yeni qanun layihəsinə görə, Azərbaycanda bütün tikililərə (yaşayış və qeyri yaşayış) əlilliyi olan şəxslərlə bağlı əlavə dizayn da veriləcək. Qanun layihəsində “universal dizayn” kimi təsbit olunan anlayışla ifadə olunur ki, yaşayış binalarında, ofis və iaşə obyektlərində əlillərin yaşayış və hərəkəti üçün icbari xüsusi dizayn verilməlidir.