Tofiq Zülfüqarov: Bako Saakyanın səfəri erməni diasporunun fəallığıdır

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Zərdüşt Əlizadə: ''XİN-nin notasında məntiq yoxdur''

“Konqresdə tədbir keçirmək Dövlət Departamenti səviyyəsində qəbul etmək deyil”.

Bunu Meydan TV-ə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi Bakı və ABŞ arasında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında bu rejimi təbliğ edən tədbirin keçirməsi ilə əlaqədar diplomatic nota məsələsinə münasibət bildirərkən deyib.

Martın 12-də Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-a nota verib. Nota ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutaya təqdim edilib. 

Ancaq səfirlik elə dünən notaya reaksiya verərək bəyan edib ki, ABŞ-ın münaqişəyə yanaşmasında mövqeyi dəyişməyib:

“ABŞ, digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla, de-fakto Dağlıq Qarabağ rejimini tanımır”.

Separatçılara oxşar münasibət həmsədr ölkələrdən Rusiya tərəfindən də sərgilənib. Ancaq rəsmi Bakı Moskvanın bu mövqeyinə əksər vaxtlarda susqun yanaşıb.

T.Zülfüqarov qeyd edib ki, Bako Saakyan konqresmenlərlə görüşüb.

“Bu, onların təşəbbüsləri ilə mümkündür və belə səviyyələrdə görüşlər ola bilər. Yəni rəsmi siyasəti onlar aparmır. Bu baxımdan Dövlət Departamentinin Dağlıq Qarabağla bağlı müxtəlif illərə aid məruzələri var. Təbii ki, Bako Saakyanın səfəri erməni diasporunun fəallığır, mənfi haldır, ancaq Vaşinqtonun rəsmi mövqeyinin dəyişməsi kimi qiymətləndirmək olmaz”.

Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan erməni diasporunun bu cür tədbirlərinə maneçilik törətmək iqtidarında deyil. Ancaq bu hadisənin özündə ikili mövqe, yaxud standart var.

Eks nazir Azərbaycan XİN-nin Rusiyada oxşar vəziyyət yarananda susqun yanaşmasını belə şərh etdi:

“Mən də bu ayrı-seçkiliyi sezirəm. Mövqeni həmişə eyni səviyyədə hamıya qarşı sərgiləmək lazımdır. Hamımız Ermənistanın Moskvadakı səfirliyi nəzdində separatçıların nümayəndəlik yaratdığını bilirik. Yaxud bu yaxınlarda Bako Saakyan Moskvada Ara Abramyanın ad günündə iştirak edirdi, orada Rusiyanın xarici işlər naziri Sergey Lavrov da olmuşdu, onlar görüşmüşdü. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə rəsmi mövqe bildirməliydi”.

Siyasi icmalçı Zərdüşt Əlizadə hər hansı ölkənin Xarici İşlər Nazirliyinin başqa ölkənin eyniadlı nazirliyinə nota verməsini adi bir şey adlandırdı: (edited)
“Bu, məktubdur və Azərbaycan Xarici İşlər Nazirliyi də Dövlət Departamentinə məktub yazıb, qeyri-adi bir şey axtarmayın:

“Notanın məğzinə gəldikdə isə, Azərbaycan XİN ABŞ kimi iri dövlətin Dövlət Departamentinə etiraz edib. Onlar sual verə bilərlər: əgər özün ərazi bütövlüyünü bərpa edə bilmirsənsə, Vaşinqtona niyə deyirsən ki, Saakyanı qəbul etmə? Deyə bilərlər ki, Azərbaycan Qarabağ ermənilərini məmləkətdə yaşamaq üçün bütün şərait olduğuna inandırmalıdır. Ancaq hər şey əksinədir. Ölkədən ziyalılar, siyasi fəallar, iqtisadçılar qaçırsa, sən hansı vəziyyətinlə Amerikaya etiraz edirsən?”

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

O vurğulayıb ki, rəsmi Bakı bir tərəfdən münaqişəni sülh yoluyla həll etmək niyyətini ifadə edir və ardınca Qarabağın erməni millətindən olan insanlarına qadağa qoyur.

“XİN-nin notasında məntiq yoxdur. Yaxud münaqişənin həllini istəyən azərbaycanlıların Ermənistana getməsinə qadağa qoyurlar, təzyiq edirlər, rəsmi və qeyri-rəsmi mediada böhtan kampaniyası aparırlar. Əlbəttə, bu prosesdə Rusiyanın təsiri şübhəsizdir. Bütün bunları Amerikanın səfirliyi və kəşfiyyatı diqqətdən qaçırmır, hökumətlərinə hesabat verirlər. Onlar Azərbaycanın hakim zümrəsinin hansı məqsədlərlə yaşadığını yaxşı bilir”.

Z.Əlizadə XİN-nin Rusyaya qarşı da oxşar münasibət sərgiləməməsində qeyri-adi heç nə görmür:

“Çünki hakimiyyət Rusiyadan asılıdır və qorxur”.