Kəşfiyyatçıların zəhərlənməsində Rusiya günahlandırılır

Tereza Mey

''Cənab Skripal və onun qızı Rusiya tərəfindən hazırlanmış silah növü olan 'Noviçok'' adlı kimyəvi maddə ilə zəhərlənib''

Martın 4-də Böyük Britaniyada yaşayan rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yulia Skripal Britaniyanın Salisberi şəhərində zəhərləniblər və hal-hazırda vəziyyətləri ağır olaraq qalır.

Mətbuat üçün yayılan məlumata görə, Böyük Britaniya belə bir nəticəyə gəlib ki, cənab Skripal və onun qızı Rusiya tərəfindən hazırlanmış silah növü olan "Noviçok" adlı əsəb-sinir sisteminə təsir edən kimyəvi maddə ilə zəhərlənib.

“Bu nəticə Porton Dounda yerləşən Müdafiə Elmləri və Texnologiya Laborotoriyasının ekspertləri tərəfindən "Noviçok" kimyəvi maddəsinin müəyyən olunmasına, eləcə də Rusiyanın dövlət sui-qəsdləri və onun qarşı tərəfə keçənləri ciddi hədəf kimi görməsi barədə qiymətləndirməmizə əsaslanır.

Britaniyanın xarici işlər naziri 12 mart tarixində Rusiyanın Londondakı səfirini çağırıb, ona bu məsələnin iki izahı olduğunu bildirib. Ya Rusiya Britaniyanın ərazisində kimyəvi silahdan istifadə edərək sui-qəsdə cəhd edib, ya da Rusiya sinir sisteminə təsir edən kimyəvi maddələr ehtiyatına nəzarəti itirib” – məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, xarici işlər naziri Rusiyadan Britaniyaya və Kimyəvi Silahlara Qadağa Təşkilatına (KSQT) öz ehtiyatları üzərində nəzarəti necə itirdiyini izah etməyi tələb edib. O, həmçinin, Rusiyanın “Noviçok” proqramı barədə KSQT-a geniş və tam hesabat verməli olduğunu bildirib:

“Əgər Rusiya hökuməti buna əməl etməzsə, biz bu hadisənin Britaniya torpağında Kimyəvi Silahlar haqqında Konvensiya və beynəlxalq hüququ pozaraq və qadağan olunmuş silahdan istifadə edərək dövlət tərəfindən təşkil olunmuş sui-qəsd cəhdi olduğu nəticəsinə gəlməli olacağıq.

Qənaətbəxş cavab olmazsa, Britaniya hökuməti bu hadisəni Litvinenkonun qətlindən sonra Rusiyanın Birləşmiş Krallığın ərazisinə qarşı ən ciddi pozuntu kimi hesab etməli olacaq. Hücuma məruz qalan polis zabitinin ciddi sağlamlıq problemləri davam edir və ümumilikdə 24 nəfər tibbi müalicə alıb. İstintaqa və kimyəvi maddənin yayıldığı ərazinin təhlükəsizliyini təmin etməyə yardım etmək üçün əraziyə yüzlərlə xüsusi qoşun cəlb olunub”.

“Turan” yaydığı həmin məlumatda fəaliyyət modeli də təsvir edilib:

“Bu dəhşətli və ölçüsüz cinayət hadisəsindən həmin ərazidə yaşayan sizin ölkənizin vətəndaşları da eyni dərəcədə təsirlənə bilərdilər. Bu, "casusa qarşı casus" məsələsi deyildi; bu, bir dövlətin digər dövlətə qarşı qadağan olunmuş kimyəvi silahdan fərq qoyulmadan istifadə edərək təşkil olunmuş hücumu idi.
Biz bu hadisəyə demokratik dəyərlərimizə və qanunun aliliyi prinsipinə söykənən, hərtərəfli və müvafiq ölçüləri özündə ehtiva edən qarşılıqlı cavab verəcəyik. Lakin bu, sadəcə ikitərəfli məsələ deyil. Müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən koordinasiya edilmiş hərəkətlər həyati əhəmiyyət daşıyır. Sergey və Yuliya Skripalların zəhərlənməsi Rusiyanın hüquqa əsaslanan beynəlxalq sistemi müntəzəm olaraq dağıtmasını hədəfləyən oturuşmuş rus fəaliyyət modelinin tərkib hissəsidir. Rusiyanın ardıcıl və artan tempdə olan bu addımları qanuna tabe olan beynəlxalq ictimaiyyət üçün böyük təhlükə yaradır.

Suriyada dəhşətli dağıntı Rusiyanın dəstək verdiyi Əsəd rejimi və Rusiya hərbçilərinin özünün birbaşa iştirakı ilə mülki vətəndaşlar üzərində tətbiq olunub. Krımın qeyri-qanuni ilhaqı ilə Rusiya II Dünya Müharibəsindən sonra ilk dəfə zor gücü ilə Avropa sərhədlərini dəyişib. Rusiyanın Salisberidə həyata keçirdiyi akt 1945-ci ildən sonra Avropada əsəb sistemini iflic edən kimyəvi maddədən ilk istifadə hadisəsidir. Buraya Putinin rəhbərliyi altında Rusiya dövlətinin kiber aləmdə və digər sahələrdə həyata keçirdiyi cinayət hadisələrini də əlavə etmək lazımdır. Biz kollektiv olaraq cavab verməli və öz vətəndaşlarımızı əmin etməliyik ki, Rusiyanın ölkələrimiz, maraqlarımız və dəyərlərimiz əleyhinə olan düşmən fəaliyyətinə dözməyəcəyik. Bizim atacağımız birgə addımlar Putinin gözləmədiyi və qorxduğu bir hadisə olacaqdır”.