Angry protesters
Angry protesters Fotoqraf: DanielVilleneuve

Demokratiyanın böhranı

Çin hökuməti camaata ballar verməyə başlayıb. "Yaxşı vətəndaş" olsanız, ballarınız qalxır, əks təqdirdə azalır. Bu "yaxşı vətəndaş" anlayışına da çox şey daxildir - vergiləri, kreditləri, cərimələri vaxtında ödəmək, hökumətə qarşı münasibətdə qanun-qaydaya riayət etmək və s. Bəs ballar nəyə lazımdır? Kiminsə az balı olsa, kredit, təyyarə, avtobus biletləri ala bilməyəcək, dövlətin xidmətlərindən istifadəsi çətinləşəcək, universitetə girə bilməyəcək, hətta uşaqları məktəbə götürülməyəcək və s.

Məsələ burasındadır ki, belə səlahiyyəti heç demokratik hökumətə vermək olmaz, hələ qaldı Çin kimi totalitar-kommunist rejimə. Aydın məsələdir ki, bu sistemdən Çin 1,3 milyard adamın tabe etdirilməsi üçün istifadə edəcək. Məsələn, Stalin dövründə insanlar qohumunu, qonşusunu, dost-tanışını satmaq uğrunda mübarizə aparırdılar.

Vəziyyət belə idi ki, sən kimisə satmasan, səni satacaqdılar. Özün satılanda isə müdafiə olunmağa bir vasitə tapmayacaqdın. Heç olmasa, bir-iki donosun olmalıdır ki, NKVD səni aparanda göstərəsən ki, "Qardaş, mən sizin yaratmaq istədiyiniz robotam. Atamı 10 illik KULAK-latdırmışam ee".

İndi bu sistem texnoloji yeniliklərlə tətbiq olunacaq Çində. Məsələn, bir vəzifəni tutmaq üçün 2 nəfər müraciət edir. Hər ikisinin göstəriciləri də uyğundur. O zaman bu sosial ballara baxılacaq. Balı qaldırmağın yollarından biri dövlətə kömək etməkdir. Məsələn, namizədlərdən biri 5 "xalq düşməni"nin həbs olunmasına kömək edib, digəri isə cəmi 2 "xalq düşməni"ni sata bilib. İkinci namizəd işsiz qalmalı olur bu dəfə, çünki ondan daha yaxşı əclaflıq edən, ondan daha köləsi var rəqabətdə. Bu dəhşətli sistemi digər avtoritar ölkələr də asanlıqla tətbiq edə bilərlər. Çünki qərarların verilməsinə ictimai nəzarət yox, etiraz yox, cəmiyyətin müqavimət gücü yox.

Bəs dünya necə oldu ki, bu hala gəldi? Problem texnologiyanın inkişafının demokratiyanın yayılma və inkişaf sürətini qabaqlamasındadır. Bu, demokratiyanın böhranıdır. Əvvəl belə idi ki, demokratik idarəçilik, azad məhkəmə, azad mətbuat, rəqabətli siyasi və iqtisadi mühit olmayan cəmiyyətlərdə iqtisadi inkişaf olmurdu. Çin, Sinqapur, Malayziya kimi bədnam nümunələr və Ukrayna, Gürcüstan, bəzi Şərqi Avropa ölkələri kimi siyasi cəhətdən demokratik, iqtisadi cəhətdən isə zəif, korrupsiyası güclü olaraq qalan ölkələr isə bu stereotipi qırdı. Artıq aydındır ki, siyasi azadlıqları vermədən də iqtisadi inkişaf mümkündür, yaxud “vice versa” - siyasi azadlıqları olan ölkələr iqtisadi cəhətdən zəif inkişaf edə bilərlər (Bunun hara qədər davam edəcəyini bilmirik, amma hələ ki, gedir).

Çin kimi nəhəng iqtisadiyyatı olan ölkələr istədiyi texnologiyanı əldə edə və öz mənfi niyyətləri naminə tətbiq edə bilir. Həm də kifayət qədər sürətlə - Çin bu sistemi 2020-ci ilə qədər bütün vətəndaşların tətbiq edə biləcəyini açıqlayıb. Nəticədə texnologiya, bəşəriyyətin inkişafı insanların daha asanlıqla köləyə çevrilməsinə kömək edir. Bütün bunlarda demokratiyanın elə Qərbin özündə də böhran yaşaması az rol oynamadı. Şərqin avtoritar dövlətləri ilə Qərb demokratlarının əməkdaşlığı, merkantil maraqları naminə ali dəyərləri görməzdən gəlmələri, "seçki" adlandırılan multfilmlərə "demokratiya yolunda irəli atılan addım" demələri, kürü ilə bərabər haqlarımızı yemələri... bu nəticənin əldə olunmasında həlledici oldu. Qərb üzərinə düşən yükü hazırda daşımaqda çox çətinlik çəkir.

Onların bəşəri missiyası yaratdıqları dəyəri - demokratiyanı, humanizmi, liberal dəyərləri dünyanın hər yerində bərqərar etmək, heç olmasa, bu dəyərlərə sadiq qalmayan idarəedicilərlə əlaqə, dostluq qurmamaqdır. Amma missiyanın bu həlledici hissəsi çoxdan unudulub. Dəyərləri qorumaqla vəzifələndirilmiş Qərb dövlətləri transmilli şirkətlərə, kapitalistlərə uduzurlar. Cilov get-gedə daha çox əldən çıxır.

Bir neçə gün əvvəl Mark Zuckerbergin Senatda dindirilməsi zamanı senatorların texnoloji biliklərdən yoxsun sualları da göstərdi ki, Qərbin transmilli kapitalizmi cilovlamaq üçün nəzərdə tutulan institutları texnoloji inkişafdan çox geri qalırlar, ləngdirlər. Üstəgəl, demokratik yolla qərar vermək avtoritar yolla qərar verməkdən uzun çəkir, çevik deyil. Nəticədə tədricən ali dəyərləri tanımayan, öz şəxsi maraqları, maddi qazancları naminə hər şeyi və hər kəsi tapdalamağa hazır olan insanlar daha üstün mövqeyə çıxırlar.

Proqnoz vermək çətindir. Yalnız ümid etmək olar ki, demokratiyanın Fransa, Böyük Britaniya və ABŞ-a sıxışıb qaldığı 1930-cu illərin sonundakı vəziyyətdən çıxmış və dünyanın əksər yerinə yayıla bilmiş Qərb dəyərləri bu vəziyyətdən də çıxa biləcək.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.