Polşada deputatlar öz maaşlarını azaldıblar

Millət vəkillərinin əməkhaqqı 20 faiz aşağı salınacaq

Polşa parlamenti (Seym) deputatların maaşlarının azaldılması ilə bağlı qərar qəbul ediblər.

Deputatlar əməkhaqlarını 20 faiz azaldıblar.

Qanun layihəsi hakim “Hüquq və Ədalət” partiyası tərəfindən təklif edilib. Qanun layihəsinin lehinə 240, əleyhinə 2 depuata səs verib. Beş deputat neytral qalıb. Səsvermədə 213 deputat, o cümlədən müxalif fraksiyaları “Vətəndaş platforması”, “Novoçesnaya” və Polşa Kəndli Partiyası iştirak etməyib.

Polşada millət vəkilləri vergilər ödənildikdən sonra 6600-6700 zlot (manatla təxminən 3300-3350) maaş alırdılar. Ölkədə orta aylıq əmək haqqı isə 4000-5000 zlotdur (manatla 2000-2500).

Azərbaycanda isə Milli Məclis üzvləri mayın 4-də qanuna dəyişiklik edərək, maaşlarının artırılmasına səs veriblər. Dəyişikliyə əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq. Azərbaycanda orta əmək haqqı 400-500 manatdır.

Milli Məclisin üzvü, sosial-demokrat Araz Əlizadə Polşa parlamentarilərinə maaş verməyin əleyhinədir. O, səbəb kimi polyak deputatların korrupsiyaya bulanmalarını görür.

Deputat Polşanın indiki vəziyyətinin kökündə ABŞ-ın ardınca Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsində və külli miqdarda pul itirməsində görür.

Araz Əlizadə
Araz Əlizadə.

“Həmin sanksiya qərarını da Polşa Seymi qəbul edib. Hardakı millətçilər üstünlük təşkil edir, ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşür. Polşa büdcəsi əsasən Rusiyaya satılan kənd təsərrüfatı məhsulları hesabına dolurdu. Nəyə lazım idi həmin sanksiya qərarı?”

Araz Əlizadə Azərbaycanda deputatlardan da öncə əlillərin pensiyasının artırılmasını vacib sayır:

“Mən Milli Məclisdə büdcə müzakirələri zamanı bu məsələni hər dəfə qaldırsam da, xeyri yoxdur. Deputatlara gəlincə, hər il indeksasiya olunduğu üçün Milli Məclis mayın 4-də məlum qərarı qəbul etdi”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə.

Ancaq Zərdüşt Əlizadə fərqli düşünür. Siyasi icmalçı polyak deputatların korrupsiyaya bulaşmalarından xəbərsizdir.

Zərdüşt Əlizadə deputat qardaşı Araz Əlizadə sanksiyalar barədə fikirlərini bölüşmür:

“Rusiyaya qarşı Seymin qərarı Polşanın ümumi iqtisadi durumuna 1-2 faiz təsir edib. Azərbaycanda iqtisadi durumla Polşadakı iqtisadi vəziyyət fərqlidir. İkinci, Azərbaycandakı iqtisadi durumun deputatlara aidiyyatı yoxdur. Bəli, Azərbaycandakı ərzaq qiymətləri Polşadan yüksəkdir, ona görə deputatlar düz edib maaşlarını qaldırırlar. Məsələ ondadır ki, Azərbaycanda qiymət artımının səbəbi monopoliyadır, Kəmaləddin müəllimin də, İlham müəllimin də bu gedişatda haqqı var”.

O, ümumiyyətlə, Azərbaycan Milli Məclisinin üzvlərinin fikirlərinə diqqət yetirməyə ehtiyac görmür:

“Onlar o qədər qeyri-ciddi adamdırlar ki, dinləmirəm də. Qardaşıma gəlincə, sualı ona ver”.

İqtisadçı Natiq Cəfərli deputat Araz Əlizadənin dünyanı yaxşı izləyə bilmədiyini düşünür:

Natiq Cəfərli
Natiq Cəfərli.

“Polşa hökuməti kənd təsərrüfatı məhsulları Belarus üzərindən Rusiyaya çox rahatlıqla gedir. Hətta sanksiyalardan öncəki dövrlə müqayisədə ixraacat artıb da, amma Belarus üzərindən və Rusiya bunu bilsə də, göz yumur. Çünki daxili potensial o səviyyədə deyil ki, əhaliyə kənd təsərrüfatı məhsulları verə bilsin. İkinci, Polşa Şərqi Avropada daha çox inkişaf edən ölkələrdən biridir, ÜDM-in artım tempi son 5 ildə 3 faizdən aşağı düşməyib. Üçüncü, deputatların maaşlarının kəsilməsi iqtisadi vəziyyətlə bağlı deyil, deputatların sayının çox olmaması bunu deməyə əsas verir. Sadəcə, Seymə seçilmiş deputatların nüfuzuna ciddi xələl gəlib: birinci, Rusiya ilə münasibətdirsə, ikinci katolik amilidir, dinin siyasətə müdaxiləsidir. Məsələn, abortların qadağan olunması gündəmə gəldi və Seymdə ilkin oxunuşda keçdi və bu, cəmiyyətdə birmənalı qarşılanmadı. İndi də erkən seçkiyə getməkdənsə, deputatların maaşının azaldılması fikrini ictimailəşdirirlər. Axı xalq erkən seçki tələb edirdi, yəni bunu etməmək və maaşları azaltmaqla deputatları cəzalandırıb sakitlik yaratmaq istəyirlər. Azərbaycanda siyasətlə məşğul olan və təyin olunan deputatların dünyadakı prosesləri detallı izləyə bilməmələri təəssüf doğurur”.