Qüdrət Həsənquliyev Gəncə hadisələrində Rusiyadan şübhələnir

Qüdrət Həsənquliyev foto google.az

Azər Qasımlı: ''Gəncə hadisələrində daxili amillərin daha çox rol oynadığını düşünürəm''

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Gəncə hadisələrində təhrikçi kimi Rusiyanın adını hallandırıb.

“APA” agentliyinə müsahibəsində BAXCP sədri deyib ki, hadisələrin baş verməsində bir çox səbəblər təhrikçi rol oynadı.

“Məsələn, Rusiya yəqin ki, silah satışına dair yeni müqavilələr imzalamaq istəyir. Bundan başqa, Azərbaycanın Qərblə, xüsusilə ABŞ-la münasibətlərini genişləndirmək və gücləndirmək səyləri, İsraillə hərbi əməkdaşlıq da qonşularda qıcıq yaradır”.

Onun fikrincə, bu hadisələri təşkil etməklə Azərbaycana ismarıc yolladılar.

“Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüş qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat döyüşünə bənzəyir. Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq. Xalqın iqtidara qarşı çıxmadığını görüb, bu dəfə hansısa bölgəni terrorçu qruplar (“yaşıl adamcıqlar”) vasitəsilə mərkəzi hökumətin nəzarətindən çıxarmağa və dövlət çevrilişinə cəhd edə bilərlər. Doğrudur, xalq iqtidara qarşı çıxmadı, amma bu yetərli deyil və xalqın iqtidarın müdafiəsinə daha fəal qalxması lazımdır”.

Qüdrət Həsənquliyev deyib ki, 1993-cü il iyunun 4-də baş verən qiyamın verdiyi dərsləri unutmalı deyilik:

“Nəzərə alsaq ki, kənarda və elə iqtidarın daxilində də oyuncaq prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir və təəssüf ki, həm də Azərbaycan türklərinin dövləti olan İran Azərbaycana münasibətdə həmişə Rusiyanın mövqeyindən çıxış edir, deməli, bizi ciddi sınaq gözləyir. Ona görə də hökumət qarşıdakı aylarda ciddi və düşünülmüş qərarlar qəbul etməli, Rusiya və İranla eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beynəlxalq birliyi baş verənlər barədə məlumatlandırmalıdır”.

BAXCP sədri hesab edir ki, hökumət icra hakimiyyəti başçılarının islahatlar yolu ilə səlahiyyətlərini azaltlmalı, ölkədə mülkiyyət toxunulmazlığını təmin etməli, sahibkarların aşağı faizli kreditlər almasına imkan yaratmalıdır:

“Sosialist təsərrüfat sistemindən əl çəkmək nə qədər çətin olsa da, həmişəlik imtina olunmalı, böyük özəlləşdirməyə gedilməli, ən başlıcası isə Prezident Administrasiyasını hüquqi islahatlar aparmaq potensialında olan kadrlarla gücləndirməklə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və qanunun aliliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmalıdır. Əyalətdə oturub özünü hakimiyyət təmsilçisi kimi yox, quldurbaşı kimi aparan, xalqın hədsiz nifrətini qazanmış, məqam gözləyənlər əvvəlki xidmətlərindən və kimliyindən asılı olmayaraq, nə qədər gec deyil, ifşa olunub iqtidardan qovulmalıdırlar. Onların sosial gərginlik və siyasi böhran yaradılmasında iştirakına imkan vermək olmaz”.

ReAL Partiyasının İdarə Heyətinin üzvü Azər Qasımlı hesab edir ki, Qüdrət Həsənquliyev mülahizələrlə danışır. O deyib ki, əgər Q.Həsənquliyevin əlində fakt varsa, ictimailəşdirsin.

“Bundan əvvəl hökumətə yaxın media, yaxud başqa təbliğatçılar Gəncə hadisələrində “İran izi”ni axtarırdılar. Ancaq İran XİN-in rəsmisi bugün açıqlama verməklə münasibətini sərgilərdi.
Nəhayət, Ermənistan kəşfiyyatını xatırladanlar da var. Yəni fərqli insanlar fərqli ehtimallar irəli sürsələr də, ortalığa fakt qoymurlar. Bəli, Azərbaycanı istəməyən dövlətlər var, bunların önündə Ermənistan dayanır ki, ona arxa da Rusiya və İrandır. Bu dövlətlərin Azərbaycan hakimiyyəti daxilində daha çox adamları da var”.

Azər Qasımlı
Azər Qasımlı.

Bununla belə, Azər Qasımlı deputatın icra hakimiyyətlərində islahatların aparılması mövqeyini bölüşür:

“Ən böyük problem ondadır ki, Azərbaycanda xalqın səsi ilə formalaşan parlament yoxdur. Parlament olmayanda bu məsələləri müzakirə etməyə yer də olmur. Eyni zamanda, Azərbaycanda bələdiyyələr də xalqın səsi ilə formalaşmadığından yerli idarəetmə iflic durumdadır və nəticədə yerlərdə müzakirə də aparılmır. Məhkəmələr icra hakimiyyətindən asılıdır. Söhbət yalnız siyasi qərarların verilib-verilməməsindən getmir, adi vətəndaşların da hüquqları pozulur. Nəhayət, bu problemləri işıqlandıran media orqanları bloklanıb”.

O hesab edir ki, bu mənzərə xaotik qiymətləndirilməlidir.

“Çünki çoxpartiyalılıq, vətəndaş cəmiyyəti, media institutları məhv edilib, parlament, məhkəmələr və yerli bələdiyyətlər icra hakimiyyətlərindən asılı olduğundan idarəetmə iflic olur. Bütün icraçılar bir nəfərin göstərişini gözləyir. İdarəetmə korrupsiya üzərində qurulub. Sadəcə, idarəeolunan xaos yaradılıb və bu gedişat yaxşı heç nə vəd etmir. Ona görə mən Gəncə hadisələrində daxili amillərin daha çox təsiredici rol oynadığını düşünürəm, nəinki xarici”.

İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücum olub və o yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. İyulun 10-da bir qrup şəxx Gəncədə aksiya keçirməyə cəhd edib və bu zaman iki polis zabiti öldürülüb. Hüquq-mühafizə orqanları hadisələri terror və bir qrup radikal dindar tərəfindən ölkədə stabilliyin pozulmasına yönəlik cəhd kimi qiymətləndirib. Rəsmi məlumatlara əsasən, hadisələrlə bağlı çoxlu sayda həbs edilənlər var.