İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədovun əlindəki balta...

Biz istəsək də, istəməsək də, din insanların dünyagörüşünün formalaşmasında mühüm rola malikdir və məhz bu səbəbdən də bir çox siyasi konsepsiyanın izahatında bu institutdan istifadə etmək mümkündür. Hətta düşünürəm ki, vacibdir. Belə olan halda insanlar ən mürəkkəb siyasi konsepsiyanı daha rahat görə və qəbul edə bilirlər. Dinin və ya insanların inancının inkişaf tarixinə baxsaq görərik ki, insanlar əvvəl günəş, ay və od kimi təbiət hadisələrinə inanırdılar. Bunun səbəbini yalnız insanların təbii hadisələr qarşısında acizliyi ilə izah etmək olmaz. Burada eyni zamanda insanların həmin fenomenləri gözlə görmələri və hiss etmələri də vacib rol oynayır. Yaradıcı qüvvə kimi mücərrəd olan varlıq daha bəsit elementlərlə və o cümlədən əllə düzəldilmiş bütlərlə dərk edilməkdə idi. Qurana istinad edərək, İbrahim peyğəmbər bütləri dağıdaraq inancı daha mücərrəd olan bir pilləyə qaldırdı. İslamın geniş bir coğrafiyaya yayıla bilməsinin səbəblərindən biri də onun bütün cisim və əşyalardan azad edilməsi idi. Mücərrəd olan bir dinin gücü ondan ibarətdir ki, o, Allah haqqında təsəvvürləri hər kəsin beynində onun inancına və zövqünə uyğun formalaşdırdı və nəticədə yaradıcı qüvvə olan vahid Allah hər kəsin öz Allahına çevrildi. İnsanlar onunla danışır, dərdləşir və fikirlərini paylaşırlar.


Təkcə dinin deyil, ideologiyanın da mücərrəd olması onun geniş kütləyə yayıla bilmə ehtimalını çoxaldır. Bu ideologiyaya inanan insanlar həmin ideologiyanın əsas konsepsiyalarını özünküləşdirir və özlərinə məxsus bir həqiqət kimi qəbul edirlər. Bu həqiqətləri müdafiə etmək üçün ölümə belə gedirlər. Bu məqsədlə tarixə nəzər salsaq görərik ki, ideologiyaların olmadığı bir dövrlərdə siyasi proseslər krallar və onların yaratdıqları şəxsiyyətə pərəstişlik üzərindən cərəyan edirdi. Müharibələr əsasən bu şəxslərin istəyi və ambisiyalarına görə baş tuturdu. Dinin mücərrədləşməsi, şəxslərdən və əşyalardan uzaqlaşması fonunda geniş kütləyə çıxa bilməsi əsrlər boyu böyük imperiaların siyasi alətinə çevrildi. Lakin buna baxmayaraq, müəyyən zamandan sonra Qərb cəmiyyətində din yenidən abstrakt halından çıxaraq, fərd və simvol formasına düşdü və yerini siyasi ideologiyalara verməyə başladı.

İdeologiyanın abstrakt olması sürətlə sərhədləri aşaraq dünyanın super güclərini belə çıxılmaz vəziyyətə sala bildi. Dünya siyasətinə hökmranlıq edən ABŞ və SSRİ bir-birlərinin hərbi gücündən daha çox idealoji təbliğatından qorxurdular. Səbəb isə çox sadə idi. İdealogiya fiziki sərhəd tanımadan beyinlərdə sürətlə yayılırdı. SSRİ-nin soyuq müharibəni uduzmasının əsas səbəblərindən biri də idealogiyanın şəxsiyyətə pərəstişliklə əvəzlənməsi oldu və nəticədə SSRİ-də marksizm və ya sosializm yerini stalinizmə verdi. ABŞ-da isə tam əksinə, siyasi liderlər şəxsiyyətlərini deyil, müdafiə etdikləri ideologiyaları və dəyərləri qabağa verdilər və qələbəni də ideologiyanın ayağına yazdılar.

SSRİ-nin tərkibində 70 illik dövr və müstəqillikdən sonra İranın dini təsiri altına düşməyimiz bizim bu xəstəliyə yoluxmağımıza səbəb oldu. SSRİ dövründəki şəxsiyyətə pərəstişlik hər kəsə məlumdur deyə onun üzərində durmuram. İranda dinin şəxsiyyətə pərəstişlik üzərində qurulması problemi daha da dərinləşdirir. İmam Hüseyn öz şəxsiyyətini ideal bildiyi ideyalar uğrunda qurban verir, biz isə onun özünün ideallaşdırdığı dəyərləri deyil, onun şəxsiyyətini ideallaşdırdıq. Düşünmürük ki, ədalətsizliyə qarşı mübarizə aparmaq görün necə ali bir dəyərdir ki, müqəddəs saydığımız İmam Hüseyn belə öz şəxsiyyətini və sevdiklərini onun uğrunda qurban verdi.

İranda hətta müasir dini liderlər belə insanların dini inancından istifadə edərək şəxsiyyətə pərəstişliyi və dini liderlərin toxunulmazlığını təmin edə biliblər. Müasir dini liderləri nəinki İranda, heç Azərbaycanda tənqid etmək qeyri-mümkündür.

Bu, bizim siyasətə olan baxışımıza da təsirsiz ötüşməyib. SSRİ-nin və o cümlədən stalinizmin dağılması Azərbaycanda Heydər Əliyevin şəxsiyyəti üzərində qurulmuş heydərizm ideologiyası süni şəkildə və siyasi hakimiyyət tərəfindən zorla formalaşdırılmağa başladı. Ölkə boyu ucaldılan heykəllər, Heydər Əliyev adını daşıyan parklar, mərkəzlər, küçə və hava limanı siyasi mübarizə müstəvisinə ciddi təsir göstərdi. Heydər Əliyevin şəxsiyyətinə qarşı müxalifət düşərgəsində ideyalar deyil, şəxs və şəxsiyyətlər populyarlıq qazanmağa başladı. Müxalifətin buraxdığı ən böyük səhv də ordan başladı və hər kəs ata Əliyevin oyununa gəldi. Əliyeva qarşı Lalə Şövkət, Etibar Məmmədov, İsa Gəmbər və bu komandanın sonuncu ulduzu Əli Kərimli tanınmağa başladı. Heç birinin ideyası şəxsiyyətindən populyar ola bilmədi. 2003-cü ildə də mübarizə ideyalar uğrunda deyil, şəxsiyyətlər – İsa Qəmbər, Etibar Məmmədov və Rəsul Quliyev – arasında getdi. Qərb cəmiyyətlərindəki siyasi müstəvini isə şəxslər deyil “sosial demokratiya”, “liberalizm” və “xristian demokratiya” kimi ideoloji konsepsiyalar zəbt etməyə başladı.

Siyasi ideologiyaların şəxsiyyətə pərəstişlikdən əsas fərqi ondan ibarətdir bu ideologiyalar xalqın xoşbəxtliyi üçün fərqli metodlar təklif edir, şəxsiyyətə pərəstişlik isə qul psixologiyasını formalaşdırır. İdeologiyaların daşıyıcıları mübariz insanlara çevrildiyi zaman, şəxsiyyətə pərəstiş edənlər isə kölə psixologiyası ilə idarə olunmağa başladılar. Bu insanlara ideologiyalar və onların dəyərləri təbliğ olunmadığı üçün onlar siyasətə abstrakt yanaşmanı ortaya qoya bilmədilər və nəticədə ideya deyil, şəxs və ya lider arzulamağa başladılar. Liberalizm, ədalət və azadlığı görmək üçün onu təqdim edən şəxsi görməklə kifayətləndilər. Çünki qeyd etdiyim ideya və dəyərlər abstrakt düşüncə tələb edir, onu görmək üçün düşünmək və analiz etmək lazımdır. Fərdi görmək isə çox asandı, ona tərəf baxmaq kifayət edir. Təəssüflər olsun ki, lider saydıqları insanı da bos və ya müdir kimi qəbul edirlər. Burda da şəxsiyyətə pərəstişlik öz təsirini göstərir.

ReALın hərəkat olaraq yaranması ilk dəfə olaraq siyasi mübarizəni şəxsiyyətdən ayırdı və “cümhuriyyətçilik” ideyaları müstəvisinə qaldırdı. Lakin İlqar Məmmədovun həbsi və bununla bağlı qazandığı populyarlıq özünün uğrunda azadlığından keçdiyi dəyərləri kölgədə saxladı və özündən asılı olmayaraq yenə də siyasi mübarizə şəxsiyyətin üzərində formalaşdı. Bəlkə də hakimiyyətin istəyi də bu idi. İndi böyük əksəriyyət İlqar Məmmədovdan çıxış yolu gözləyir. Bu gözləntilər doğrulmayacağı təqdirdə təkcə İlqar Məmmədova deyil, bütün siyasi mübarizəyə zərbə olacaq və insanlar böyük xəyal qırıqlığına uğrayacaqlar.

Bu vəziyyətdə İlqar Məmmədovun ata biləcəyi addımlar çox məhduddur. Hər bir addımın da özünə görə xərci var. Azərbaycan reallıqlarını nəzərə alsaq, İlqar Məmmədovun ata biləcəyi 3 addımı xarakterizə etmək olar.

1. Aktiv siyasi mübarizəyə başlamaq və ölkədə siyasi kapital formalaşdırmaq. Bu, hakimiyyət üçün ən arzuolunmaz seçimdir və bunun cəzası çox sərt olacaq.
2. Klassik müxalifətin getdiyi yolu getmək. Yəni, hakimiyyəti gecə-gündüz tənqid etmək və arada bir mitinq təşkil edib gərginliyi aradan qaldırmaq. Bu, hakimiyyət üçün ən ideal yoldur və hakimiyyətə tam imkan verir ki, Azərbaycanı xaricdə demokratik bir dövlət kimi təbliğ edə bilsin.
3. Xaricə gəlmək. Bu, xalq üçün ən ideal variantdır. Lakin hakimiyyətin buna imkan vermə ehtimalı çox azdır.

Bütün bunlara baxmayaraq, düşünürəm ki, İlqar Məmmədovun daha bir seçimi var. Məqaləni İbrahim peyğəmbərin balta olayı ilə təsadüfən başlamadım. İlqar Məmmədovun şəxsiyyət olaraq son dərəcə populyar olması onun əlinə şəxsiyyətə pərəstişliyə sarsıdıcı zərbə endirmək üçün iti bir balta verib. O, bundan istifadə edərək özünə qarşı olan gözləntiləri özünün də müdafiə etdiyi dəyərlərə və ideyalara tərəf yönəltməlidir. Bunun üçün sadəcə xalqla səmimi olmaq lazımdır. Xalqa demək lazımdır: “Sizə dəyişikliyi mən deyil, cümhuriyyətçilik ideyaları gətirəcək. 6 illik həbs cəzası belə mənim bu ideyalara sadiqliyimi sarsıda bilmədi. Mən xoşbəxtliyin bu ideyalarla gələcəyinə inanıram. Biz bundan sonra da bu ideyaların geniş toplum tərəfindən qəbul edilməsi üçün əlimizdən gələni edərik. Yaşasın cümhuriyyətçilik”. Bu dəyişikliklə bağlı bütün məsuliyyəti şəxsdən xalqa ötürür və şəxsi populyarlıq ideyaya transfer olunur. Əgər İlqar Məmmədov bu əzbəri pozmayacaqsa və siyasi mübarizəsini şəxsi populyarlığı üzərində qurub əsassız vədlər verəcəksə, bu balta başqasının əlinə keçəcək və İlqar Məmmədov da özündən öncə gələn siyasilərin taleyini yaşayacaq.

 Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.