Paşinyan: Azərbaycan güzəştlərə hazırdırsa, biz də hazırıq

Nikol Paşinyan

Rauf Mirqədirov: ''Paşinyan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır''


“Tez-tez soruşurlar: Ermənistan hər hansı güzəştlərə hazırdırmı? Lakin heç kəs Azərbaycanın güzəştlərə hazır olub-olmadığını soruşmur. Azərbaycan hazırdırsa, biz də hazırıq. Hazır deyilsə, biz də hazır deyilik”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Kommersant” qəzetinə müsahibəsində deyib.

Nikol Paşinyan hesab edir ki, Ermənistan Qarabağ prosesini davam etdirməyə hazırdır, lakin bunun üçün müvafiq atmosfer yaradılmalıdır. Azərbaycanın “döyüşkən ritorikası” danışıqlar üçün “konstruktiv atmosferə” xidmət etmir:

“Mən danışıqlarda Ermənistan Respublikası adından iştirak etməyə hazıram. Dağlıq Qarabağ xalqı adından isə Dağlıq Qarabağ nümayəndəsi iştirak etməlidir. Bu, bizim danışıqlardan imtina etməyimiz demək deyil, biz istənilən vaxt danışıqlara hazırıq. Lakin mən Dağlıq Qarabağ xalqı adından danışa bilmərəm. Onların öz hakimiyyəti, öz hökuməti, öz prezidenti var. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər üç bəyanatında da Dağlıq Qarabağın statusu Dağlıq Qarabağ xalqının öz iradəsinin izhar etməsi yolu ilə həll olunması qeyd edilib”.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

foto Azərtac
foto Azərtac

Nikol Paşinyanın açıqlamasını Meydan TV-yə şərh edən Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, əvvəlcə güzəştlərin sərhədləri problemə uyğun müəyyənləşməlidir.

“Elə məsələlər var ki, Azərbaycan heç bir güzəştə gedə bilməz və getməməlidir. Söhbət keçmiş Dağlıq Qarabağ Vilayətinin ətrafındakı rayonlardan gedir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum qətnamələrində göstərilib ki, heç bir siyasi məqsəd ərazilərin işğalına bəraət qazandıra bilməz. Yəni Dağlıq Qarabağın erməni əhalisinin hüquqları naminə başqa əraziləri işğal etmək olmaz və ərazilərin azad edilməsi hər hansı şərtə bağlana bilməz”.

Onun fikrincə, bu mənada Ermənistan və ATƏT-in Minsk Qrupu danışıqları aparkən əslində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini pozublar.

“Çünki onların danışıqlarının mahiyyəti ondan ibarətdir ki, 7 rayonun azad ediləməsi Dağlıq Qarabağın statusunun həllinə bağlıdır. Hətta Madrid Prinsiplərinin təməlində də bu dayanır”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov bildirib ki, nə vaxta qədər Ermənistan ərazilərin qaytarılmasını statusa bağlayacaqlar, münaqişəni həll etmək mümkün olmayacaq.

“Əgər ərazilərin həll edilməsi razılaşdırılarsa, Bakı üzərinə müəyyən öhdəliklər götürə bilər. Məsələn, problemin həllində güc amilindən istifadə etməyəcək, bölgədə yaşayan ermənilərin təhlükəsizliyi naminə sülhməramlı qüvvələr yerləşdirlməsinə razılıq verəcək. Amma Dağlıq Qarabağ məsələsinin müzakirəsi ərazilərin azad edilməsinə bağlana bilməz. Başqa tərəfdən, Paşinyan həmin bəyanatla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. O, qondarma Dağlıq Qarabağ respublikasının konstitusiyasına əsaslanır ki, guya, həmin ərazilər onlarındır. Yəni işğal faktını nəinki qəbul edir, hətta fikrini hüququ əsaslandırmağa çalışır”.

Siyasi icmalçı düşünür ki, Nikol Paşinyanın müsahibəsində yeni bir şey yoxdur:

“Ümumiyyətlə, Paşinyan indiki şəraitdə ciddi danışıqlara gedə bilməz. Səbəb odur ki, Ermənistanda parlament seçkiləri keçirilməlidir, bu ərəfədə ciddi danışıqlar və hansısa güzəştlərə getmək qeyri-mümkündür”.