Yalçın İmanov
Yalçın İmanov Fotoqraf: Meydan Tv

Uğursuzluq ideyaya çevrilməyəndə…

İndi kim mənə deyə bilər ki, Azərbaycanın hansısa yarası, lap miqyasına görə, ən kiçiyini, balacasını götürək, sağalıb, həll olunub?

İnsan başına gələnləri tam, bütov və dərindən yaşaya bilməyəndə, başına gələnlərin əsl, gerçək səbəblərini anlayıb, dərk edə bilmir.

O şeyin kökünü ki hələ də qazıyıb, tapa bilməmisən, deməli, onu hələ də sonuna qədər yaşamamısan.

O şey ki sənə tam mahiyyətilə açılmayıb, hələ də hansısa qaranlıq məsələlər var, əmin ol ki, yaşantıda nəsə yarımçıq qalıb, hardasa daxili proses dayanıb, getməyib, ya istənilən gərginlikdə və həcmdə getməyib, ya da ümumiyyətlə qırılıb, istiqamətini itirib və nəticədə yekunlaşıb, başa çatmayıb.

O şeyi ki tam yaşayıb, başa düşməmisən, o, səni ömrünün istənilən mərhələsində haqlayacaq, qəbir evinədək təqib edəcək.

Cəmiyyətlər də belədir, onu vahid bir orqanizm kimi fərz edib, qəbul edə bilsək, ortaya oxşar mənzərə çıxacaq. Bəzən ayrıca götürülmüş bir cəmiyyət, hansısa bir fərdi, konkret bir adamı, kimisə assosiasiya edir, çox bənzər cəhətləri, xarakter cizgiləri və əlamətləri ilə onu yada salıb, xatırladır.

Və belədə bir də görürsən ki, böyük bir toplum, iki gözü, iki qulağı, bir bədəni və vur-tut bir başı ilə hüzurunda dayanıb və sən də bu yekə canlını, varlığı israrla kiməsə oxşadırsan.

Azərbaycan cəmiyyəti başına gələnləri, gətirilənləri və yaxud da içində bişdiyi, bişirildiyi əksər prosesləri sonuna qədər yaşayıb, hiss edə bilməyib.

Yeri gəlmişkən, başa gətirilənlər əksərən kənarı nəzərdə tutur və bəzən o dərhal həll edilməlidir. Yoxsa, o, bir də həll edilmir, əbədi düyünə düşür. Necə ki, məsələn, Qarabağ problemi yaranan kimi dərhal həll edilməliydi, ancaq həll edilmədi və buna görə də çıxmaza düşdü.

Cəmiyyətin başına gələnlərsa onun özündən, xarakterindən qaynaqlanır, onu yaşantı problemi müşayiət edir və ona vaxt-vədə tanımaq lazım gəlir.

Mən, ölkəmin əvvəlki tarixlərini o qədər də yaxşı bilmirəm, amma son onilliklərin, axır 30 ildə baş verənlərin ötəri analizi və bundan çıxan nəticələr, əldə edilən dərslər əminliklə belə deməyə əsas verir.

İstər acı günlər olsun, istərsə də xoş xatirələr, istər ağır faciələr olsun, istərsə də yüngül sevinclər, əsla fərq etməz. Hamısının yaşantısında və nəticə etibarilə anlaşılıb, dərk edilməsində bir çiylik, yarımçıqlıq duyulur. Hamısına nəsə bir tələskənlik, ildırım surətli, kəskin keçidlər xasdır. Sanki yüksək templi həyat dinamikası qəsdən, qərəzli şəkildə toplumu dartıb öz arxasınca aparıb, onu olanın, baş verənin üstündə dayanmağa və daha çox düşünməyə, təkrar-təkrar ona dönməyə, araşdırmağa imkan və macal verməyib. Aritmik həyat tərzi yəni!

Hərçənd bəzən heç bir əlavə ehtiyac olmadan hansısa lüzumsuz, o qədər də diqqətə və marağa layiq olmayan hadisələrin üstündə ətalətli ləngimələri, izafi vaxt itikilərini də sezmək və müşahidə eləmək olur.

Məhz bu səbəbdəndir ki, cəmiyyətimiz başına gələnlərin, gətirilənlərin və yaxud da içində bişdiyi, bişirildiyi proseslərin gerçək səbəblərini tam anlayıb, həzm edə bilmir.

Güman ki, elə buna görədir, çox tez-tez köhnə palan içi tökülür, filan hadisə və onun fərqli baş vermə tarixçələri, çox versiyalı və əksərən də bir-birini inkar edən səbəbləri içində eşələnir, baş sındırırlar. Ancaq pisi də budur, çox zaman da yekunda hansısa yekdil nəticəyə gəlinib çıxılmır ki, çıxılmır.

Hadisələri, başına gələnləri və gətirilənləri kənar təsirlərdən ayırıb, təmizləməyən, dərindən və sonuna qədər yaşamayan toplumun yaraları qaysaq bağlamır, daima açıq qalır, sevincləri tumurcuqlamır, gül açıb, böyümür.

İndi kim mənə deyə bilər ki, Azərbaycanın hansısa yarası, lap miqyasına görə, ən kiçiyini, balacasını götürək, sağalıb, həll olunub? Və yaxud da hansı xoş səhifəsi tam əminlik və ehtiramla çevrilib, səliqə-sahmanla kənara qoyulub?

Bu, aşkar yaşanmazlığın, başdansovduluq və kəmliyin zəruri əlaməti deyil, bəs nədir?

***

Xoş günləri bir kənara qoyuram, onunla işim yox, onu yola verməyi bəlkə də hardasa anlamaq və bağışlamaq olar. Ziyansızdır ən azı, daha böyük faydalarının aşkar edilməməsi o qədər də zərər vermir. Ancaq faciələrdə, pis günlərdə bu qayda, bu üsul işləmir, yararsız və gərəksiz olur.

Uğursuzluqları öyrənib, ondan nəticə çıxarmaq üçün onu tam, bütov və dərindən yaşayıb, anlamaq, öz qarşında çılpaqlanmaq lazımdır. Hər halda uğursuzluqdan çıxmağın bundan başqa özgə heç bir uğurlu yolu yoxdur. Ugursuzluğu anlayanda, artıq o uğursuzluq olmur, bu məzmundan, kontekstdən çıxır.

Azərbaycan cəmiyyəti öz uğursuzluqlarını yaşayıb, onu stimul mənbəyinə çevirə bilmədi. Təəssüf ki, məhz bu səbəbdən adam son illərin tarixinə əllərini uzadıb, heç cür isidə, qızdıra bilmir. Tarix adama hayan olmur!

Uğursuzluqda böyük, faydalı ideya yaratmaq, istehsal eləmək potensialı var. Uğursuzluqla baş-başa gəlmiş cəmiyyət onu ideya qaynağına çevirməlidir.

Yoxsa, lənətlənmiş tale qaçılmaz olur, həyat onun sərhədlərində sovrulur, süst və yorğun halda nəyəsə ilişib qalır. Uğursuzluq, uğurun stimul mənbəyinə çevrilməyəndə, tərəqqidən qoyur və heç vaxt açılmayacaq sabahı müəyyən edib, şərtləndirir…

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.